Türkiyənin şiə alimlərindən olan Səlahəddin Özgündüz Azərbaycan hökümətinə xəbərdarlıq etdi.
AranNews- 20 Yanvar qətliamı ilə bağlı İstanbulda "Zehra Ana Azərbaycan Məktəbi" tədbir təşkil edib. Tədbirdə məktəbin müdiri Serdar Koca, "Zehra Ana" dərnəyinin sədri Meftune Atam çıxış ediblər. Çıxış edənlər hamısı 20 Yanvar qətliamı ilə bağlı fikirlərini bölüşmüş, Azərbaycan xalqına başsağlığı vermişlər.
Tədbirdə 20 Yanvar şəhidləri anılıb, məktəb şagirdləri qısa tamaşalar səhnələşdiriblər.
Dərnəyin sədrindən sonra Türkiyə şiələrinin liderlərindən olan, alim Şeyx Səlahəddin Özgündüz səhnəyə dəvət olunub.
O çıxışı zamanı 20 Yanvar faciəsi zamanı Türkiyənin müxtəlif yerlərində etirazların və Azərbaycan xalqına dəstəklərin olduğunu xatırladaraq deyib: "Türk milləti bizimlə birlikdə sizin acınızı yaşadı, millət olaraq ayağa qalxdı, səsinizi dünyaya çatdırdıq. Azərbaycan xalqı da, mən də yaxşı bilirik ki, Azərbaycan Türkiyəyi yad olaraq görmür, özünü ona yaxın və doğma bilir. Biz həqiqətən bir millətik."
Özgündüz Azərbaycandakı vəhhabilərlə bağlı xəbərdarlıq edərək "Buradan Azərbaycan hökümətinə xəbərdarlıq etmək istəyirik. Bu gün, Səudiyyə dəstəyilə təkfirçi anlayış dünyanın bir çox yerində ölkələri qarışdırır. Bu, Azərbaycanın daxili üçün də təhlükədir. Diqqətli olun, vətəndaş müharibəsi çıxarmaq istəyənlərə izin verməyin" deyə danışıb.
Qeyd edək ki, tədbirdə Azərbaycandan ilahiyyatçı Hacı Fariz Əliyev də, iştirak edib.