Ziyalılar Birliyinin sədri və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev vergilər naziri Fazil Məmmədova müraciət edib.
AranNews- Onun feysbuk səhifəsində yaydığı müraciətində deyilib: Xahişimi Sizə digər vasitələrlə çatdıra bilmədiyim üçün, bu yığcam müraciəti FB səhifəsində yazmaq məcburiyyətində qaldım.
Yəqin xəbərdarsınız: Azərbaycanın ən hörmətli və ən istedadlı şairlərindən biri sayılan Saday Şəkərli nazirliyinizin məsul işçisi (yaxud işçiləri) tərəfindən şərlənərək həbs edilib. İctimai rəydə hallanan bu utanc gətirən olaya rəvac verənlər, heç şübhəsiz ki, öz merkantil maraqlarını ləyaqət və vicdanla yaşamaqdan üstün tutan daş qəlbli məmurlardı. Saday müəllimin-rəhmli, xeyirxah, hətta qarışqanın belə tapdanmasını istəməyən vətənsevər bir sənətkarın, kiməsə hədə-qorxu gəlməsi, şantaj, dələduzluq yolu ilə nə isə tələb etməsi, ağ yalan və sözün əsl mənasında absurd ittihamdı. Buna Saday Şəkərlinin daima sığındığı mənəvi dəyərləri, dünyaduyumu, əxlaqı da imkan verməz heç. Şübhə etmirəm ki, bütün bunları Siz də yaxşı bilirsiniz.
Hörmətli Fazil müəllim, əminəm ki,mütərəqqi düşüncəli bütün insanlar kimi, Siz də, ” Şair həbsinə rəvac verən” günah damğasını daşıyanları qınayırsınız. Bununla yanaşı, Saday Şəkərlinin azad olunmasında Sizin müstəsna rolunuz da ola bilər. Biz, yəni yaradıcılıqla məşğul olan qələm sahiblərinin tam əksəriyyəti bu gün çox istərdik ki, bu imkandan istifadə edib böyük savab qazanasınız.