Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 33,9% azalaraq, 2015-ci ildə 9 695 milyon dollar təşkil edib.
AranNews- Azərbayca Respublikası Dövlət Gömrük Komitəsindən yerli medilara verilən məlumata görə, hesabat ilində Avropa İttifaqı ölkələrinə ixrac 41,63% azalaraq, 6 752 milyon dollar, idxal 5,18% azalaraq, 2 943 milyon dollar olub. Beləliklə, ölkə üzrə cəmi ixracın 59,1%-i, idxalın isə 31,92%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.
Bu ölkələr arasında ticarət dövriyyəsində əsas paya malik olan İtaliyaya ixrac 53,09% azalaraq, 2 254 milyon dollar, idxal isə 2,1 dəfə artaraq, 587,8 milyon dollar təşkil edib.
İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas tərəfdaşlarındandır. Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi çəkisinə görə İtaliya 13,77%-lə liderdir. Bu da xüsusilə ixrac əməliyyatlarına əsaslanır. Belə ki, Azərbaycandan olan cəmi ixracın 19,73%-i İtaliyaya edilir. İdxalda isə İtaliya Rusiya, Türkiyə, ABŞ və Almaniyadan sonra yer alıb. Cəmi idxalın 6,37%-i İtaliyadan həyata keçirilib.