İran Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən böhranın yayılmasının qarşısını almağa və ixtilafın həllinə çalışıb.
AranNews- Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. “Keçmişə nəzər salsaq, görərik ki, İran həssas vaxtlarda qonşu ölkələr Azərbaycan və Ermənistan arasındakı ixtilafın qarşısını almağa çalışıb. Hazırda Azərbaycan və Ermənistan istəyərsə, İran bu münaqişənin həllində rol almağa və vasitəçilik etməyə hazırdır”, - deyə o, söyləyib.
H. C. Ənsari bildirib ki, prezident İlham Əliyevin İrana nəzərdə tutulan səfəri haqqında Azərbaycan tərəfi ilə danışıqlar aparılıb və bu haqda qəti qərar qəbul olunanda, elan ediləcək: “İki ölkə həmişə siyasi müzakirələri davam etdirir. Prezidentlər Həsən Ruhani və İlham Əliyevin telefon danışığı İran və Azərbaycanın tarixi dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı idi. İki ölkənin əməkdaşlığı inkişaf etməkdədir və əlaqələrin inkişafı həm İran, həm də Azərbaycanın əsas məqsədidir”.