İki aydır, azərbaycanlı ruhani, Haci Tale Bağırov diri–diri soyulur. Özü də Samirədə yox, Bakıda, öz evində!
AranNews- İki aydır, qanunsuz olaraq, o, “bandotdel“də saxlanılır. Ağlagəlməz işgəncələr verilir. Daxili orqanlarının neçəsi və nə cür sıradan çıxarılıb, bilmirik. Neçə sümüyü qırılıb, o da naməlum.
Qanun yol versə də, evi ilə, körpə balaları ilə bir kəlmə danışmasına icazə vermirlər. Qanuna da zülm edirlər, Tale Bağırova da.
Onun üçün yemək, paltar götürülmür. Davamlı işgəncə altında saxlandığı barədə söz–söhbətlər hər gün artmaqdadır. Deyirlər, onu elektrikə verib, öz əleyhinə ifadə almaq, AzTV–yə çıxarmaq istəyirlər, hələ ki, bacarmırlar. Amma nə qədər dözə biləcək? Bilmirəm. Asan deyil. Barmağınıza bir tikan batanda ciyərinizin necə yandığını bir düşünün, bu aşiqin isə sözün hər iki mənasında, ciyərləri parçalanıb.
Və bu dəhşət bizim gözümüzün qabağına baş verir! Hamımız bu dəhşəti unutmaq istəyirik. Unudulasıdırmı?
Bu gün fədakar vətənsevər Tale Bağırovun günahsız yerə, 3-cü dəfə həbsə atılmasının iki ayı tamam olur.
Təkcə həbs günü baş verənlər yox, ondan əvvəl və sonra güc strukturlarının davranışı Tale Bağırzadənin günahsızlığını sübut edir.
İşgəncələr, vəkillə görüş imkanının məhdudlaşdırılması, heç bir açıqlama verilmədən “Bandotdel“də saxlanılması, ailə üzvlərilə görüş verilməməsi, evə zəng etmək hüququnun əlindən alınması, sovqat, geyim qəbul edilməməsi. Sizcə bütün bunlar qərəzin əlamətləri deyilmi? İki aydır gərgin zəhmətə, montaj–şantaja baxmayaraq, güc orqanları 7 vətəndaşımızın həyatına son qoyan o səriştəsiz əməliyyatın videosunu ortaya çıxara bilmirsə, deməli, çox da düşünməyə ehtiyac qalmır.
Hacı Talenin başına gələnlər çox ağır və dəhşətli olsa da, ona verilən ittiham dodaqlara gülüş qondurmaq gücündədir. Biz hamımız 4-5 kitab oxumuş adamlarıq, terror, terrorçuluq nədir, az–maz bilirik. Zəmanəmizin Şərqdən Qərbə qədər ad çıxaran terrorçularını da tanıyırıq. Onların heç biri ilə Tale Bağırov qardaşimizi tutuşdurmaq olmur. Nə üçün? Bir incə məqama diqqət edin:
Siz dövlət orqanları ilə münasibət quran, onların qanuniliyini təsdiq edən və onunla hesablaşan hansı terrorçunu, terror təşkilatını tanıyırsınız?
Hansı terror təşkilatı fəaliyyət göstərdiyi ölkədə qeydə alınmaq üçün sənəd hazırlayıb, o ölkənin Ədliyyə Nazirliyinə, yaxud buna bənzər qurumuna üz tutublar?
Təsəvvür edin, Əymən Zavahiri (“Əl–Qaidə“nin başçısı) Əfqanstan Ədliyyə Nazirliyinə müraciət edir ki, onların təşkilatını qeydiyyata alsınlar.
Yaxud, Əbu Bəkr Bağdadi İraq və Suriya güc orqanlarını məhkəməyə verir ki, onun tərəfdarlarına qarşı aşırı güc tətbiq olunub. Bəlkə, Nüsrət cəbhəsinin lideri Covlanini Suriya polisinə həftədə bir dəfə izahata çağırırlar, o da gedib izahat verib gəlir?
Bilirəm, bunları oxuyub gülürsünüz, amma reallıqdan savayı bir şey yazmadım. O reallıq ki, əslində, biz ona ağlamalıyıq.
Yahu, bu Tale Bağırov necə bir terrorçu olub ki, leqal təşkilat (“Müsəlman Birliyi” hərəkatı) yaradır, onu qeydə aldırmaq istəyir, rəhmətlik MTN–in, polisin çağırışına gedir, güc orqanlarının özbaşınalığından prokurorluğa şikayət edir və s....
Sizcə Belə adamı olsa–olsa, ancaq analoqsuz terrorçu adlandırmaq olar?
Hacı Talenin həbsinin bircə motivi var: o zülmlə barışmırdı. Bu barışmazlığın da gizlətmirdi, ucadan bəyan edirdi, özünün həqiqətpərəst adlandıranları da buna səsləyirdi. Onun həbsi indi təkcə hökuməti rahatlatmayıb, eyni zamanda, nə qədər “həqiqətpərəst” toxdaqlıq tapıb. Axı hacı onları da narahat edirdi. Onların yalanını açırdı, göstərirdi ki, əməlsiz ibadət, işıqsız şam kimdir. O, əməlin vacibliyini önə çəkirdi, bu isə çoxunun ovqatını təlx edirdi. Bu cür adamlar indi dəstəmazın müstəhəb və məkruhları barədə, qüsul almağın tərtibi barədə şiddət və şövqlə mübahisələr aça, möizələr oxuya bilirlər. Noolsun ki, onların “qardaş” dediyi adamı indi sərpa soyrlar. Özü də dayanmadan. İki aydır!