Tarix : 2016 Jan 27
Kod 47714

Nardaran sakinləri acınacaqlı durumda

«İnsanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur…»
AranNews- Nardaran qəsəbəsində yaşayanların acınacaqlı vəziyyətdədir. Bu barədə “Azadlıq”a məktub göndərən yerli sakinlər yazır. Məktub müəllifləri bildirir ki, qəsəbə sakinləri həm maddi, həm də kommunal xidmətlərlə təminat baxımından çox ağır durumdadır:
“Həyətlərdə ağac qalmayıb kəsilib yandırılmasın. Nəinki ağac, artıq insanlar evlərində olan bəzi taxta əşyaları da yandırırlar ki, soyuqdan ölməsinlər. Neçə evin işığı iki aya yaxındır yolda gedən təmirlə əlaqədar yanmır. Neçə evə su gəlmir. Insanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur. Maddi baxımdan vəziyyət çox çətindir. Insanlar təkcə çörəyi güclə alırlar. Camaat açıq-aşkar ölümə doğru gedir. Hamı qəm-qüssə içindədir, nə edəcəklərini və dərdlərini kimə deyəcəklərini bilmirlər. Şəhərə gedən marşrutlar əvvəl Ziyarətgahın qarşısına qədər işləyirdi. Camaat işə, uşaqlar da dərsə rahat gedib gəlirdilər. Amma avtobuslar indi Nardaranın girəcəyinə qədər buraxılır. Əhali də məcburdur işə getmək üçün ən azı, iki kilometr yolu bu soyuqda piyada getsin. Hökumətdən xahiş edirik bizə bir əlac qılsın. Bəlkə də Nardaranın belə vəziyyətdə olması hansısa qüvvələrə maraqlıdır. Öləndən sonra üstümüzdən yol çəkilib üzərində bəzi harınlamış məmurlar bahalı maşınlarla gəzəndəmi yaxşı olacaq?! Həqiqətən də qırmızı ölüm qara həyatdan daha yaxşıdır! Hamıdan xahiş edirik, problemimizi xəbər saytlarında, ”fasebook” səhifələrində və digər sosial şəbəkələrdə paylaşsınlar. Bəlkə kimsə üzləşdiyimiz çətinliyi həll edə bildi”.
Xətai sakinləri zülmət içində.
Bakının Xətai rayonu, Naximov küçəsinin sakinləri də bu soyuq qış günlərində elektrik enerjisinin verilməməsindən əziyyət çəkir. Onlar “Azadlıq”a göndərdikləri məktubda bu barədə yazırlar:
“Işığımızın çox zəif olması və tez-tez sönməsi ilə əlaqədar ərizə ilə Xətai rayon işıq idarəsinə müraciət etmişik. Lakin idarədən bizə heç bir cavab verilmədi. Yenidən maraqlanandan sonra bizə şifahi məlumat verdilər ki, qoşulan işıq xətti zəif olduğundan işıqlar yayda 140-160-dan yuxarı, qışda isə 170-180-dən yuxarı olmayacaq. Problemin həlli o vaxt mümkün ola bilər ki, Hövsan yolunun Türkana qədər genişləndirilməsi plana düşsün. Bu məsələ baş tutsa, qəsəbəyə gələn işıq xətti də avtomatik olaraq plana düşə bilər və bəlkə bundan sonra elektrik enerjisi normal verilər.
Biz bilmirik nə edək ki, səsimizi eşidən olsun. Uşaqlar bu qarlı-şaxtalı havada soyuqdan evdə donurlar. “Azərişıq”ın Xətai rayon şöbəsinin “Qaynar xətt”inə zəng edirik, cavab verirlər ki, hər yer elə bu vəziyyətdədir. Xahiş edirik, problemimizin ictimaiyyətə çatdırılmasına yardım edin”.
  • Yazılıb
  • da (də) 2016 Jan 27
  • Göndərən مدير سايت Aran News