AranNews- "Qarabağ Azadlıq Təşkilatı", Avropa Şurası Parlament Assambleyası çərçivəsində, Azərbaycana qarşı erməni təcavüzü və işğalı ilə bağlı iki hesabatın hazırllanmasını qurumdakı nümayəndə heyətinin uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirir. Bu, həm də AŞPA-nın bir sıra digər deputatlarının məsələyə obyektiv yanaşmasının göstərcisi kimi də qeyd oluna bilər. Bu cür vicdanlı deputatlar artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bilir və bu həqiqətə uyğun mövqe tutmaqdan çəkinmirlər.
Britaniyalı deputat Robert Valterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, Bosniya və Hersoqovinadan olan xanım deputat Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv reallığı tam əks etdirir. Təəssüf ki, bu sənədlərin müzakirəyə çıxarılması ərəfəsində və müzakirələrin özündə bir sıra ölkələr, həmçinin ATƏT Minsk qrupu həmsədrləri tam ədalətsiz, ikili standartlar və açıq
ermənipərəst mövqedən çıxış etdilər. Nəticədə sənədlərin birincisi qəbul olunmadı, yalnız ikinci qətnamənin qəbul edilməsi mümkün oldu.
Bu hadisə bir daha göstərdi ki, beynəlxalq qurumlar, xüsusilə də Minsk qrupu həmsədrləri Azərbaycanın haqla mövqeyini müdafiə etmək istəmir,
Ermənistanın işğalçı siyasətini tam dəstəkləyirlər. Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya, Fransa rəhbərliyi özlərini tam şəkildə ifşa etdilər.
Biz hesab edirik ki, bundan sonra Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi yolverilməzdir. Özlərini tam gözdən salmış, nüfuzlarını itirmiş, açıq ermənipərəst mövqedən çıxış etmiş həmsədrlərin iştirakı ilə danışıqların davam etdirilməsi Azərbaycan üçün təhqirdən başqa bir şey deyildir. Bu dələduz üçlük bir daha Azərbaycana buraxılmamalıdır.
Biz Qarabağ Azadlıq Təşkilatı olaraq tələb edirik ki, bu dələduzlar bir də Azərbaycana ayaq basmasınlar.
Biz AŞPA- dakı müzakirələrlə bağlı beynəlxalq qurumların biganə münasibətinin də bir daha şahidi olduq. Azərbaycan beynəlxalq təşkilatlardan ümidini tam kəsməli, yalnız özünə güvənməlidir. Biz bir daha bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının hərbi əməliyyatlardan başqa yolu yoxdur. Azərbaycan ləngimədən hərbi əməliyyatlara başlamalıdır! Başqa yolumuz yoxdur! Ya Qarabağ, ya ölüm!"