Terrorçuların Suriya rəsmiləri ilə müzakirə masası arxasında oturmalarına icazə vermək olmaz və Ərəbistan rəsmiləri Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan rəftarlarını dəyişməlidirlər.
Arannews- İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini İran İslam Respublikası və Rusiyanın terrorizm ilə mübarizədə Suriya hökumətinə olan dəstəklərinin davam edəcəyini vurğulayıb.
Hüseyn Əmir Abdullahiyan Suriya olayları ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya olan səfəri zamanı, cümə axşamı bir mətbuat konfransında deyib: İran İslam Respublikası və Rusiya Suriya hökumətinə olan himayələrini davam etdirəcəklər.
Əmir Abdullahiyan BMT-nin Suriya böhranı ilə bağlı 11 fevral 2016-cı ildə Cenevrədə keçiriləcək növbəti iclasına işarə edərək, deyib: İran hələ də bu iclasda iştirakla bağlı dəvət məktubu almayıb.
İran Xİ nazirinin müavini Suriyalı qruplar arasında saziş müzakirələrinə nikbin olduğunu deyərək, əlavə edib: Bu danışıqlar Suriya böhranının diplomatik yolla həllinə kömək edə bilər.
Əmir Abdullahiyan həmçinin deyib: Terrorçu qruplaşmaların siyahısının hazırlanması ilə bağlı ciddi problemlər var və indiyə kimi ölkələr arasında bu barədə heç bir anlaşma əldə olunmayıb.
İran xarici işlər nazirinin müavini daha sonra deyib: İŞİD, Nüsra Cəbhəsi, Ceyşül İslam, Əhrarül Şam terror qruplaşmalarının adları terrorçu qruplaşmalar siyahısına daxil edilməlidir. Halbuki, bəzi ölkələr sadəcə İŞİD və Nüsra cəbhəsinin adını terrorçu qruplaşma hesab edirlər.
Əmir Abdullahiyan terrorçuların yeni maska altında müzakirə masasına daxil olmasına icazə verilməməli olduğunu deyərək, deyib: Terrorçuların Suriya rəsmiləri ilə müzakirə masası arxasında oturmalarına icazə vermək olmaz və Ərəbistan rəsmiləri Yaxın Şərqdə gərginliyin artmasına səbəb olan rəftarlarını dəyişməlidirlər.
İran xarici işlər nazirinin müavini sonda deyib: Ərəbistan çalışır ki, terrorçu qruplaşmaların adını Cenevrə müzakirələrində iştirak edən müxalif qruplar siyahısına daxil etməklə vəziyyəti gətrinləşdirsin. Amma, bu addım heç də konstruktiv addım sayılmır.