Şirvandakı qaynaqlar iddia edir ki, Mərdan Camalovun icra başçısı olduğu rayonda vəhhabilərin və sələfilərin sayı günü-gündən artır.
AranNews- Şirvanda vəhhabilərin məscidi bağlandı, himayəçiləri isə Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalovun vəhhabi təriqəti ardıcılları ilə yaxşı münasibətləri var.
Şirvandakı qaynaqlar iddia edir ki, Mərdan Camalovun icra başçısı olduğu rayonda vəhhabilərin və sələfilərin sayı günü-gündən artır.
Mərdan Camalovun rayondakı vəhhabi məscidinin bağlanmasına göstərişverməsini, üstəlik qəzetə xəbəri vermiş mənbənin axtarışlarına başladığı haqda bilgi aldıq. Məlum oldu ki, icra başçısı ən müxtəlif idarə və təşkilatların rəhbərlərini, iş adamlarını kabinetinə çağırtdıraraq «qəzetə məlumatı sən ötürmüsən», iddiası ilə hər kəsi sorğu-sual edir.
Sabiq təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifədən uzaqlaşdırılandan sonra onun göstərişi ilə həyata keçirilən bir çox qanunsuzluqlar üzə çıxmağa başladı. Məsələn, məlum oldu ki, ölkədə vəhhabiliyin yayılmasına, bu təriqət üzvlərinin biznes şəbəkəsinin şaxələnməsinə, genişlənməsinə «mahmudovçu»lar hər cür köməklik göstəriblər. Bunun qarşılığında Dubaydan «mahmudovçu»ların hesablarına milyonlar axıb. MTN-dəki cinayətkar çetenin bir neçə illik fəaliyyəti nəticəsində ölkədə sabitliyi poza biləcək bir cərəyanın möhkəmlənməsinə şərait yaradılıb.
Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudovun Sumqayıtdakı vəhhabilərin başında dayanması haqda yazdıqlarımız da qeyd olunan iddiaları tamamlayır.
E.Mahmudov vəzifəsindən çıxarılandan, MTN bir qurum kimi faktiki olaraq ləğv olunandan sonra belə təəssürat yaranmışdı ki, vəhhabilərin Azərbaycanda dayaqları məhv edilib. Amma gələn məlumatlar bunun əksini deyir.
Əvvəllər də mətbuatda bu haqda yazılar dərc olunub. Məsələn 14 aprel 2014-cü ildə axar.az saytında «Şirvanda vəhhabilər fəallaşır» sərlövhəli yazıda bu haqda məlumat verilir.
Həmin yazıdan sitat: «Şirvan şəhərində vəhhabilər fəallaşır. Sələfi təriqətinə üzv olanların sayı şəhərdə günbəgün artır. Deyilənə görə, bir neçə gün əvvəl bir qrup vəhhabi şəhərin mərkəzində yerləşən xüsusi mənzilə toplaşıb. Mənzili ibadət evi kimi istifadə edən sələfilər namaza gəlir, ibadət edir, müzakirələr aparırlar: «Əvvəllər də bu cür toplaşdıqlarını görürdük. Amma son bir ayda bu mənzilə gəlmələri daha da intensivləşib. Əvvəllər məscidə yığışardılar. İndi fərdi evlərdə gizlin şəkildə toplaşırlar. Bu da insanlar arasında narahatlığa səbəb olur. Təqribən 10-15 bahalı maşın hər gün bu evin qarşısında dayanır. Heç kimin onların nə etdiyindən xəbəri yoxdur».
Bundan başqa 6 iyul 2015-ci ildə Şirvanda Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunun sexlərindən birində güclü partlayış baş vermişdi. 1 nəfərin öldüyü, 19 nəfərin yaralandığı partlayışdan sonra Şirvanda belə bir xəbər yayılmışdı ki, hadisədə vəhhabi izi var. Zavodun direktoru Usubağa Məmmədov «Yeni Müsavat»ın əməkdaşı ilə söhbətində məlumatın araşdırıldığını açıqlamışdı.
Qeyd edək ki, Şirvan rayonu ilə qonşu olan Salyan rayonunda rəsmi məlumatlara görə 30 vəhhabi var. Onlardan biri sahib olduğu mağazaya yezid adı qoyaraq rayonda ciddi narazılıq yaratmışdı. Ara qarışandan və rayon rəhbərliyi məsələyə müdaxilə edəndən sonra yezidin adı mağazanın üzərindən söküldü. Şirvanda isə vəhhabilərin biznesinin genişlənməsi üçün münbit şəraitin olduğu iddia edilir. Yenə həmin dəqiqləşdirilməyən iddialara görə, görə, başçı Mərdan Camalovun vəhhabilərlə biznes şərikliyi də var.