Tarix : 2016 Jan 29
Kod 47734

Azərbaycanda olan ərzaq təhlükəsizliyi

Ərzaq təhlükəsizliyinin təminatı bütün ölkələrdə strateji əhəmiyyət kəsb edir və bu, hər bir hökumətin qarşısında duran bir nömrəli vəzifə olmalıdır.
AranNews- Dövlət başçısı Ilham Əliyev yanvarın 26-da keçirdiyi müşavirədə yenidən iqtisadi rəqəmlərə istinad edərək Azərbaycanın bir sıra istiqamətlərdə idxaldan asılı olmadığını, əksinə, özünü bir sıra ərzaq məhsulları ilə tam təmin etdiyini vurğuladı. Amma bu “tam təmin olunmanın” da idxalın hesabına başa gəldiyi qeyd edilmədi.
Gəlin, öncə dövlət başçısının elan etdiyi rəqəmlərə, daha sonra isə bu istiqamətdə real durumun nədən ibarət olduğunu ilə tanış olaq.
Beləliklə, I.Əliyevin müşavirədə Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı elan etdiyi rəqəmləri diqqətinizə çatdırırıq.
I.Əliyev qeyd edir ki, mal əti üzrə Azərbaycan özünü 92 faiz təmin edir. Burada maya dəyərində idxaldan asılılıq 5 faizdir. Bu, əsasən yem və dərmandır.
Qoyun əti – özümüzü 99 faiz təmin edirik, maya dəyərində cəmi 2 faiz xarici amil var. Yenə də yem və dərman.
Quş əti – özümüzü 98,6 faiz təmin edirik. Dövlət başçısının sözlərinə görə, son bir neçə il ərzində quş ətinin istehsalında böyük irəliləyiş var. Bu irəliləyiş kimi isə quş fabriklərinin yaradılması qeyd edilir. Ancaq maya dəyərində idxaldan asılılıq 65 faizdir.
Yumurta – özümüzü 99,6 faiz təmin edirik. Yenə də maya dəyərində 65 faiz xarici amil var.
Süd və süd məhsulları. Özümüzü təminetmə əmsalı 80 faizdir. Burada da çox böyük irəliləyiş var. Burada cəmi 10 faiz xarici amildən asılıyıq. Bu da yenə dərmandır və yemdir.
I.Əliyev daha sonra qeyd edir ki, Azərbaycanda taxıl istehsalı artıb: “2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton istehsal olunmuşdur. Çox gözəl inkişafdır. Ancaq özümüzü cəmi 64 faiz səviyyəsində təmin edirik. Ona görə, iri fermer təsərrüfatlarının yaradılması prosesi bundan sonra da getməlidir”.
Kartof – özümüzü 90 faiz təmin edirik. Kartof istehsalında 35 faiz xarici amil var – yenə də gübrə, dərman. Soğanla bağlı isə I.Əliyevin açıqladığı rəqəmlərə görə, Azərbaycan özünü 100 faizdən çox təmin edir.
Meyvə, giləmeyvə təxminən 110 faiz, maya dəyərində xarici idxaldan 30 faiz asılılıq.
Duz – özümüzü 87 faiz təmin edirik, xarici amil 5 faizdir. Bu da qablaşmadır. Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü 191 faiz təmin edirik, ancaq burada xaricdən 80 faiz asılılıq var. Xam şəkər xaricdən gətirilir.
Bitki yağları və marqarin – özümüzü 67 faiz təmin edirik. Burada da idxaldan 80 faiz asılıyıq. Xam yağ və qablaşdırma.
Bir daha qeyd edirik ki, yuxarıda qeyd olunanlar I.Əliyevin elan etdiyi rəqəmlərdir. Indisə diqqətinizə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun dövlət başçısının elan etdiyi rəqəmlərə münasibətini təqdim edirik.
ərzaq təhlükəsizliyinin təminatı bütün ölkələrdə strateji əhəmiyyət kəsb edir və bu, hər bir hökumətin qarşısında duran bir nömrəli vəzifə olmalıdır. Çünki olkənin ərzaq təhlükəsizliyi təmin olunmadığı halda, hərbi təhlükəsizliyi təmin etmək mümkün deyil. I.Əliyevin elan etdiyi statistik rəqəmlərə gəlincə, ekspert onlarla bağlı şübhəsini gizlətmir: “Görünür, dövlət başçısına ya köhnə materiallar təqdim olunub, ya da bu məruzədə yalnız hakimiyyətdə olanların qida məhsullarına olan tələbatı nəzərə alınıb. Çünki bu rəqəmlər əvvəllər də səslənib və reallıqla heç bir əlaqəsi yoxdur. Məsələn, prezident deyir ki, özümüzü 92 faiz mal, 98 faiz də quş ətiylə təmin edirik. Ümumiyyətlə, bu açıqlama göstərir ki, hökumət hələ təlabatın nə olduğunu başa düşmür. Beynəlxalq norma var, tibbi baxımdan insanın fiziki durumunu təmin edəcək norma müəyyən edilib. Həmin nörmaya uyğun adambaşına il ərazində ət norması 80 kiloqramdır, orda mal, quş, donuz, yaxud qoyun ətinin nə qədər olması yoxdur, ümumi göstərilir. Azərbaycanda isə ildə 25-26 kiloqram ət istehsal olunur, 6-7 kiloqram da xaricdən alınır. Bu isə təxminən adambaşına 33 kiloqram deməkdir. Ölkə əhalisi beynəlxalq normanın 38-40 faizi qədər ət istehlak edir. Belə olan halda mal ətiylə 92, quş ətiylə 98 faiz təmin olunduğumuzu demək real deyil. Bu gün adambaşına təxminən 30 kiloqram quş əti istehsal olunmalıdırsa, bu rəqəm 10 kiloqramdır, mal və qoyun əti birlikdə adambaşına 50 kiloqram istehsal olunmalıdırsa, ancaq 16-17 kiloqram istehsal olunur. Fərqin çox böyük olması hökumətin beynəlxalq normanın nə olduğunu bilməməsidir. Çox güman ki, məmurlar yalnız öz tələbatlarını nəzərə alırlar, əhalinin ərzaq istehlakı haqqında düşünmürlər. Ətin qiyməti də ona görə başqa ölkələrdən fərqli olaraq 2 dəfə bahadır. Onu da deyim ki, bu səbəbdən də ət idxalı və istehsalı inhisardadır”.
Azərbaycan süd istehsalında müəyyən olunmuş normanın yarısını ödəyə bilir: “Amma prezident süd məhsulu ilə bağlı da təminatımızı ödəyəcək qədər istehsal etdiyimizi söylədi. Yaxud yumurta, adambaşına illik norma 280 ədəd olduğu halda, 145 ədəd istehsal olunur. Amma Əliyev deyir ki, özümüzü 96 faiz yumurtayla təmin edirik. Görünür, göstərilən rəqəmlər məmurların yumurtaya olan tələbatları ilə bağlıdır. Başqa bir misal, taxılçılıqda inkişaf olduğu qeyd olunur, 2014-cü ildə 2,3 milyon, 2015 -ci ildə 2,9 milyon ton taxıl istehsal olunduğu, yəni artım olduğu bildirilir, amma nədənsə 2013-cü ildə istehsalın 2,9 milyon tondan çox olduğu nəzərə alınmır? Yaxşı, 2,9 milyon taxıl istehsal olunubsa, niyə ölkəyə 1,5 milyon ton buğda və 200 min ton da digər dənli bitkilərin məhsulları gətirilib? Əslində, 2,9 milyon ton taxıl Azərbaycanın daxili tələbatını tam ödəməliydi. Taxıl istehsalında xaricdən 20 faiz asılı olmağımız da real rəqəm deyil. Çünki, Azərbaycan gübrə, toxum, pestisid, texnika və texniki avadanlıqları xaricdən alır. O cümlədən, kartof təminatında 10 faiz xaricdən asılı olmağımız barədə deyilənlər də doğru deyil. 2015-ci ildə 830 min ton kartof istehsal olunub, təminatımızı ödəmək üçün 1 milyon 250 min ton ərzaq kartofuna, 200 min ton da toxumluq kartofa ehtiyac var. Təsəvvür edin, ehtiyacımız 1 milyon 450 min ton olduğu halda 830 min ton istehsal olunub, indi gördünüzmü, xaricdən aslılıq 10 faiz qədər deyil, 40 faizdən çoxdur”.
prezidentin yanvarın 26-da söylədikləri 2-3 il əvvəlki çıxışının təkrarıdır: “Əgər təkrar varsa, deməli, geriləmə də var. önəmli olan hakimiyyətin kənd təsərrüfatındakı problemin nədən ibarət olduğunu bilməsidir. Hələ ki, hakimiyyətdə bu sahənin problemlərinin nədən ibarət olduğunu bilmirlər”.
  • Yazılıb
  • da (də) 2016 Jan 29
  • Göndərən مدير سايت Aran News