Dövlət məmurları, nazirlər, komitə sədrləri dövlət telefonu ilə onlara edilən zənglərə cavab vermirlər.
AranNews- Dövlət telefonuna hörmət bərpa olunmalıdır, qaytarılmalıdır. Çünki dövlət telefonunun adı dövlət telefonudur.
bunu millət vəkili Fəzail İbrahimli parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
"Bəlkə, mənim şəxsi xahişim var, heç olmasa, dinlə, özün bilərsən, sonra nəzərə alma. Amma mənim arxamda, ümumən hər bir deputatın arxasında 40 min seçici dayanır, onların problemlərini dinləmək və nəzərə almaq lazımdır, məmurların bir nömrəli borcudur ki, insanların problemlərinə həssaslıqla yanaşsınlar.
Lakin çox təəssüflər olsun ki, dövlət telefonu ilə zəng edirsən, heç biri cavab vermir, həmin şəxsin yerinə telefonda 8-ci sinifdə oxuyan qızın səsi ilə "au" cavabı" verilir. Biz onlara zəng edərkən az qala canımız çıxır. Saymazlıq, hörmətsizlik göstərib cavab vermirlər. Belə olmaz, biz buna susmamalıyıq. Çünki susmaq problemlərin qalmasına və ondan ölkəmizə qarşı istifadə etmək istəyən yad ünsürlərin addımlarına razılıq əlaməti deməkdir. Biz öz sözümüzü deməliyik.
Məsələn, mən Fəzail İbrahimlinin bu dövlətə nə ziyanı dəyə bilər? Olsa-olsa, nahaq danışa, haqqı nahaqqa qurban verə bilərəm. Amma elə qüvvələr var ki, onlar müəyyən təsir gücünə malikdirlər.
Bunların içərisində məmurlar da, sahibkarlar da var.
Onlar daha çox əməli fəaliyyət göstərməlidirlər, dövlət başçısının ətrafında daha çıx birləşməlidirlər, problemlərin həllinə kömək etməlidirlər.
Eyni zamanda, biz deputatlar da məmurlarla əl-ələ verib bu dövlət, bu xalq üçün işləməli, çalışmalıyıq. Yəni məmurlar bu məsələdən yaxalarını kənara çəkməməlidirlər", - deyə millət vəkili sözlərinə əlavə edib.