Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin toplantısı bu gun keçirilib.
AranNews- Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib. partiyanın gündəliyində sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər olub. Tədbir ilk öncə Allah kəlamının oxunuşu ilə açıldı.İlk öncə çıxış edən AİP-in sədr əvəzi İlham Əliyev sözünü Allah kəlamı olan Qurandan stat gətirməklə başladı. O, bidirdi ki, Allah-Təala Qurani-Kərimdə insanlara keçmiş ümmətlərdən dərs götürməyə dəvət eləyib:“Qurani-Kərimdə elə bir səhifə yoxdur ki, orada keçmiş ümmətlərdən danışılmasın. Allahın bu işdə hədəfi insanların tarixdə baş verən hadisələrdən ibarət almasına diqqət çəkməkdir. Xüsusilə ayələrdə buyurulur ki, baş verən hadisələrdən yalnız bəsirət sahibləri dərs ala bilərlər. Yəni, o kəslərin ki, iti baxışları vardır və hadisələrə düzgün təhlil edirlər, məhz həmin şəxslər ibrət götürə bilərlər. Tarixdə kimlərsə Allaha və ilahi dəyərlərə qarşı hiylə işlətmək istəyib, Allah həmin şəxsləri və qövmlərin hamısını yer üzündən sildiyini və onların halından insanlar üçün ibrətlər olduğunu bildirir. Odur ki, bizlər də tarixdə baş verən hadisələrdən, xüsusilə əziz islam peyğəmbərinin, İmamların üzləşdiyi hadisələrə münasibətindən özümüz üçün dərs götürüb, həyatımıza tətbiq etməyə çalışmalıyıq. Yəni Allahın bizdən istəyi budur ki, tarixdən ibrət götürməklə keçmiş ümmətlərin etdikləri səhvlərə və nöqsanlara yol verməyək.” AİP-in sədr əvəzi çıxışında onu da qeyd etdi ki, sözügedən tarixi hadisələrdən ən çox ibrət götürəsi şəxslər məhz insanlara zülm edən zalımlar və kafirlər olmalıdırlar: “Bizim üçün mütaliə olunası və həyatımız üçün ibrət götürüləsi ən gözəl tarix əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) və Əhli-Beyt(ə)-ın tarixi və onların həyat tərzidir. Onların keçdikləri həyata yollarını ciddi şəkildə təhlil edib, öz günümüz üçün nəticə almalıyıq. Əhli-Beytin(ə) keçdiyi həyat yolu və tarixi olduqca ciddi şəkildə təhlil edilməlidir və bu təhlilin iki istiqamətdə aparılması mümkündür. Bunlardan biri budur ki, insanlar Əhli-Beyt(ə)-ın həyatını tək-tək mütaliə eləsin. Yəni Həzrəti peyğəmbərin(s) 63 il həyatından başlayaraq, digər imamların fərdi həyatları ilə birgə mütaliə apara bilər. Lakin Əhli-Beyt(ə)-ın tarixindən tam nəticə almaq üçün onların 240 ilə yaxın olan birgə ömrünü tam bir insan ömrü kimi götürərək mütaliə edilməlidir. Çünki onların hamısı bir nurdur və bir ağacın məhsullarıdır. Yəni həqiqətləri eynidir. Əgər İmam Həsən(ə)-ın yerində İmam Hüseyn(ə) və ya hansısa məsum imamın yerində digəri olsaydı, eyni addımı atardılar. Hətta bu barədə kifayət qədər Əhli-Beyt(ə)-ın öz kəlamları da vardır. Əgər məsumların bu cür formada mütaliə olunarsa hər bir zaman və situasiya üçün özümüzə lazım olan bütün dərsləri ala bilərik.”Sonra çıxış üçün söz AİP-in sədr müşaviri Akif Heydərliyə verildi. Akif Heydərli çıxışı zamanı ölkədə və dünyada baş verən siyasi hadisələrdən danışdı. Akif Heydərli bildirdi ki, 24 ildir ki, qarşı cəbhədə duran qüüvələrin Azərbaycan İslam Partiyasına qarşı ədalətsiz mövqeyi dəyişməz olaraq qalıb: “Bu isə partiyanın yenə də düz yolda olmasının göstəricisidir. 24 ildir ki, partiyaya qarşı baş qaldıran təzyiqlər bu günə qədər davam etməkdədir. Görünən budur ki, biz düz yolumuzdan çıxmamışıq və yolumuz davam edir. ”Manatın devalivasiyasının ölkənin iqtisadi durumunu daha da ağır vəziyyəta saldığını söyləyən Akif Heydərli, “milli valyutamızın iki dəfə devalivasiyaya məruz qalması insanların həyatını iflic vəziyyətə salıb. Bunu bir sıra hallarda dünyada baş verən proseslərlə əlaqələndirməyə çalışırlar, amma yanlış bir yanaşmadır. Əslində ölkənin vəziyyəti normal olan zamanlarda, qeyi-neft sektorunun lazımı formada inkişaf etdirilməməsi və daxili istehsalat zəifliyi hazırkı dövrdə mövcud situasiyanı yaradıb” - deyə bildirdi: ”Eyni halda baş verənləri ölkədə geniş yayılmış korrupsiya və rüşvətxorluğun nəticəsi kimi də dəyərləndirmək olar.“Bundan sonra çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bildirdi ki, insanların ədalətli, insanpərvərliyi onun müsəlman və ya qeyri-müsəlman olmasından asılı deyil: “Tarixdə baş verən hadisələrə nəzərə alaraq özümüz üçün nəyin pis və ya yaxşı olduğunu müəyyən etməli və ibrət almalıyıq. Dünyada kifayət qədər özündən deyən hökmdarlar olub ki, xalq tərəfindən dayaqları olmadıqlarına görə aradan gediblər.”Xalis islamçıların daima təqibdə saxlanılaraq güdülməsinin həmin islamçıların xalis şəxslər olduğu anlamına gəldiyini söyləyən Növrəstə xanım, “əslində yeganə düz yol da məhz bu yoldur ki, xalis islamçılar ondan əl çəkmirlər. Əslində baş verənlər də buna görədir və bizi bu yolda çəkindirməyəcək”, - deyə bildirdi:“Qadınlar şurası olaraq hazırda da fəaliyyət göstəririk və bundan sonra da davam edəcək. Bu günə qədər bir neçə mühüm tədbirlərimiz olub və gələcək də insanlarımız və xalqımız üçün fəaliyyət proqramlarımız baş tutacaq.”
Sonra çıxış edən digər iştirakçılar görülən işlərdən, gələcək planlardan danışaraq, irad və təkliflərini səsləndirdilər.