Nardaran hadisələrilə bağlı tutulanları müdafiəsiz qoymaqla bağlı niyyətlər var.
AranNews- Nardaran hadisələrilə əlaqədar həbs olunan şəxslər vəkil problemilə üzləşir. Bu barədə AzadlıqRadiosuna həbs olunanların yaxınları məlumat verib.
Məlumata görə, bu iş üzrə təqsirləndirilən şəxslər özləri və ya yaxınlarının seçdikləri vəkil vasitəsilə müdafiə oluna bilmirlər.
"Bizə Yalçın İmanovu məsləhət gördülər. Gedib onunla müqavilə bağlamaq istədik. Amma işi aparan müstəntiq icazə vermədi", - deyə Nardaran hadisələrilə əlaqədar həbs olunmuş Lənkəran sakininin yaxınları bildirib.
Məlumatı Yalçın İmanov özü də təsdiqləyib. Vəkil bildirib ki, ona Nardaran hadisələrilə əlaqədar həbs olunan iki nəfərin ailə üzvləri müraciət edib. Lakin heç birinin hüquqlarını müdafiə edə bilməyib. Çünki istintaqı aparan müstəntiqlər ona bildiriblər ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının vəkili olduğuna görə Nardaran işi üzrə digər təqsirləndirilənlərin müdafiəçisi ola bilməz. İstintaq orqanı belə hesab edir ki, bir vəkil Nardaran hadisələri üzrə həbs olunanlardan yalnız birini müdafiə edə bilər. Vəkil qeyd edib ki, bu cür yanaşma tamamilə qanunsuz və əsassızdır:
"Cinayət Prosessual Məcəllənin 92-ci maddəsində deyilir ki, "təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda bir vəkil onlardan ikisini və daha çoxunu müdafiə edə bilməz". Fuad Qəhrəmanlı "facebook" səhifəsində yazdığı statuslara görə həbs olunub, onunla Nardaran işi üzrə həbs olunan digər şəxslərin mənafeləri arasında hansı ziddiyyətin olduğu mənə məlum deyil. Heç müstəntiq də belə ziddiyyətin olduğunu demir. Sadəcə, bildirirlər ki, bu iş üzrə bir vəkil yalnız bir adamın hüquqlarını müdafiə edə bilər".
Yalçın İmanov deyir ki, həm özünün, həm də vəkil həmkarlarının təcrübəsində eyni adamın bir iş üzrə bir neçə nəfərin hüquqlarını müdafiə etməsi halı dəfələrlə olub:
"Məsələn, NİDA-çıların işində bir vəkil səkkiz nəfər təqsirləndirilənin hamısının hüquqlarını müdafiə edirdi. Görünür, Nardaran hadisələrilə bağlı tutulanları müdafiəsiz qoymaqla bağlı niyyətlər var".
Müdafiəçi əlavə edib ki, bu cür yanaşma şəxsin özünün seçdiyi vəkil tərəfindən müdafiə olunmaq hüququnun kobud şəkildə pozulmasıdır.
2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub. 25-dək şəxsə CM-nin müxtəlif maddələri ilə cinayət işi qaldırılıb.