Tarix : 2016 Feb 04
Kod 47800

Azərbaycan növbəti devalvasiyaya doğru gedir

Samir Əliyev: Manata təsir edən əsas amillər neftin qiyməti və ölkədən kapital axınıdır.
AranNews- Rəsmilərin açıqlamalarına baxmayaraq ölkədə maliyyə durumu ağır olaraq qalmaqdadır. Mərkəzi Bank vaxtaşırı keçirdiyi hərraclarda dollar satışının tam təmin edildiyini və hərraca çıxarılan 200 milyondan yalnız 10-15 faizinin alındığını bəyan etsə də, faktlar başqa reallıqdan xəbər verir. Mərkəzi Bank valyuta ehtiyatlarını xərcləməkdə davam edir. Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar ayında daha 1.2 milyard dollardan artıq azalıb. Bunun 618,2 milyonu Mərkəzi Bankın, 594 milyonu isə Neft Fondunun payına düşür.
Mərkəzi Bankın açıqladığı məlumatda göstərilir ki, valyuta ehtiyatı yanvarın 29-na görə 4 milyard 398 milyon 500 min dollardır. Ötən ilin dekabrında isə MB-nin valyuta ehtiyatı 5 milyard 16 milyon 700 min dollar olub.

Dövriyyədə manat azalır
Yəni MB-nin açıqladığı rəqəm göstərir ki, maranatın bu məzənnəsi də itkilərə səbəb olur. Hələ o məqamı nəzərə almaq lazımdır ki, bu ilin yanvar ayının yekununa görə, dövriyyədə olan Azərbaycan manatının həcmi 5 milyard 787,4 milyard manat təşkil edib.ÿMB-nin məlumatına görə, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 1 milyard 114,4 milyon manat və yaxud 16,15% azdır. Manatın dövriyyəsinin azaldılması belə dollar itkisini azaltmır.
Bu sadalanan statistik rəqəmlərin sırasında bir nüansı da qeyd etmək yerinə düşər. Qarşıdan mart ayı gəlir. Bir qayda olaraq bu ayda bir neçə ayın bazarlığı həcmində alış-veriş edilir. Bəs bu məqam manatın məzənnəsinə nə vəd edir?
 
Banklarda manat tükənib
İqtisadçı Samir Əliyev bildirib ki, bir tərəfdən MB hərraca satmaq üçüni dollar çıxarır. Bir neçə dəfə keçirilən auksionda 200 milyon təklifə qarşı tələbin çox az olduğunu deyən S.Əliyev bildirdi ki, nəticədə təklif tələbdən çox olub. Bunun əsasında da manatın məzənnəsinin müəyyənləşdirildiyini vurğulayan ekspert qeyd etdi ki, növbəti gün də dolların məzənnəsi aşağı enir. Amma 200 milyon dolların qarşılığında satış 10-15 faiz olursa deməli manatın bahalaşması hazırkı həcmdə yox, daha böyük olmalıdır: “Əslində bu cür mənzərənin də yaranmasına səbəb manat qıtlığıdır. Bir ay ərzində manatın dövriyyədəki həcmi 1.1 milyard azalıb. Buna da səbəb Mərkəzi Bankın dollar sataraq dövriyyədən manat yığmasıdır. Nəzərə almaq lazımdır ki, bir il öncə manatın dövriyyəsi 11 milyard idi. Hazırda isə manatın dövriyyəsi 6 milyarddan da azdır. Manatın həcmini azaltmaqla Mərkəzi Bank inflyasiya təsirini azaltmağa çalışır. Çünki pul kütləsi nə qədər çox olsa bu qiymətlərə təsir edəcək. Eyni zamanda bankların dollara olan tələbatı azalır. Çünki bankların dollar almağa manata olmur. Bütün bunlar son nəticədə ona gətirib çıxarır ki, iqtisadi aktivlik azalır”.
Bankların kreditləşməsinin əhəmiyyətli dərəcədə azaldığını deyən S.Əliyev bildirdi ki, bankların kredit vermək üçün manatı yoxdur. Təklif olunan dollar kreditlərini isə heç kəs götürmək istəmir: “Belə bir vəziyyətdə manat Mərkəzi Bankın anbarlarında yığılıb qalıb. Həmin pulu dövriyyəyə qaytarmaq üçün Mərkəzi Bank kommersiya banklarından istifadə etməlidir. Mərkəzi Bank ya bazardan dollar almalıdır və dövriyyəyə manat buraxmalıdır, ya da bu vəsait banklara verilməlidir ki, onlar bu vəsaiti kredit şəkilində versinlər. Banklar hazırda əllərində olan manatı öhdəliklərinin icrası üçün saxlayır. Məsələn, hər hansı şirkət manatla əmək haqqı verməlidir. O vəsait məhz bu cür hallar üçündür”.
Ikinci devalvasiyanın məhz bayram ərəfəsi olmasının əhaliyə iki qat zərər vurduğunu deyən S.Əliyev qeyd etdi ki, əhali həm devalvasiyaya görə, həm də bayram bazarlığına görə mağazalara üz tutdu. Nəticədə yanvar ayında satış tam ölmüşdü. Bundan başqa fevraldan başlayaraq büdcə xətti ilə vəsait ayrılmasının artacağına diqqət çəkən S.Əliyev bildirdi ki, büdcədən ayırmalar artan kimi bu dollara tələbatı artıracaq: “Bu isə manata təzyiqi artıracaqdır. Bayrama gəldikdə isə bu ayda xaricdən gətirilən məhsulların daha çox satışı üzündən ölkədən xaricə bir o qədər çox pul çıxacaq. Amma manata təsir edən əsas amillər neftin qiyməti və ölkədən kapital axınıdır. Bu amillər sırasına bu aydan büdcədən ayırmalar da əlavə olunacaq”.
  • Yazılıb
  • da (də) 2016 Feb 04
  • Göndərən مدير سايت Aran News