İslam İnqilabının digər ölkələrə öyrətdiyi dərslərdən biri istiqlal və hegemonluqla mübarizə dərsidir.
AranNews- İran İslam Respublikasının Azərbaycandakı səfiri, Möhsin Pakayindən ölkədə hazırkı vəziyyət, ölkənin Azərbaycanla ikitərəfli əlaqələrin səviyyəsi, həmçinin xarici siyasətin digər tərəfləri barədə musahibə hazirlanib.
- İran və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətini və gələcək perspektivlərini necə görürsünüz? Bu il iki ölkə arasında nə kimi proqramlar icra olunacaq?
- Azərbaycan və İran arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələrin davam etdirilməsi üçün hər iki ölkədən rəsmilərin səfərləri lazımdır. İki ölkənin yüksək çinli rəsmilərinin səfərləri 2016-cı ildə də davam etdiriləcək. Bu il həm prezidentin və həmdə nazirlərin səfəri gözlənilir. Ümid edirik ki, cari ildə Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrəDövlətlərarası komissiyanın 11-ci iclası Bakıda təşkil olunacaq. Ümumilikdə hər iki ölkənin iradəsi əlaqələrin daha da inkişaf etdirilməsinədir. Bu baxımdan ki, İran və altılıq ölkələri arasında sanksiyaların ləğvinə dair sazişin icrasına başlanılıb, iki ölkə arasındakı bank sahəsindəki problemlər öz həllini tapıb, düşünürəm ki, 2016-cı ildə iki ölkənin əlaqələri daha da geniləndiriləcək.
Yaxın zamanlarda baş tutacaq səfərlərdən biri bu gündir. Bu gün İranın Sosial Müdafiə Təşkilatının İnvestisiya Şirkətinin rəhbəri cənab Rza Rayi Bakıya səfər edib. Bu şirkət İranın ən böyük investisiya şirkətidir. Cənab Rayi Azərbaycanın iqtisad naziri, səhiyyə naziri və digər rəsmiləri ilə görüşlər keçirəcək. Səfərdən məqsəd iki ölkə arasında dərman preparatlarının istehsalı sahəsində əməkdaşlıq məsələsini müzakirə etməkdir. Bu səfər önəmli səfərdir. Tezliklə İranın Şərqi Azərbaycan əyalətinin ticarət palatasından nümayəndə heyəti Azərbaycanca səfər edəcək. Həmçinin Ərdəbil əyalətinin başçısı cənab Məcid Xudabəxş Azərbaycan səfər edəcək. Həmçinin bir sıra nazirlərin İrandan Azərbaycana səfərləri gözlənilir.
- İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində hansı köməyi göstərə bilər?
- İran Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk gündən Azərbaycan xalqının yanında olmuşuq. Bir milyondan artıq Azərbaycandan olan bacı və qardaşlarımıza İranda sığınacaq vermişik. Daha sonra İmam Xomeyni adına İmdad Komitəsi pulsuz müxtəlif sahələrdə xalqa yardımlar edirdi. İran çalışdı ki, vasitəçilik etsin və münaqişəni sülh yolla həll etsin. Həmin dövrdə iki ölkə prezidentləri İrana gəldilər və sazişdə imzalandı. Lakin qısa müddət sonra hadisələr baş verdi və elə bir şərait yarandı ki, həm Azərbaycan və həm Ermənistan Minsk Qrupunun vasitəçiliyini qəbul etdi. Bu gün artıq həmin dövrdən 20 il ötür. Biz düşünürük ki, Minsk Qrupu önəmli bir iş görməyib. Bunun səbəbi də budur ki, bitərəf deyil. Minsk Qrupu güclü bir qrupdur. Bu qrupa BMT TŞ-nin üç əsas ölkəsi üzvüdür. Lakin görürük ki, BMT TŞ-nin heç bir qətnaməsi icra olunmayıb. Düşürəm ki, əgər Minsk Qrupu daha fəal olsa və öz öhdəliklərinə əməl etsə bu münaqişənin həlli mümkündür. Əlbəttə, hazırda Minsk Qrupundan başqa bir seçim də yoxdur. Ümid edirik ki, Minsk Qrupu bu münaqişəni tezliklə həll edəcək.
- Bu il İran İslam İnqilabının 37-ci ildönümü keçiriləcək. İslam İnqilabının qələbəsində rol oynayan amillər nə idi?
- İslam İnqilabı müasir dünyada və beynəlxalq sistem üçün yeni fenomen idi. İslam İnqilabının digər inqilablarla çox fərqləri var idi. Səbəb bu idi ki, İrandakı inqilab dinə söykənərək baş vermişdi. Əslində İslam İnqilabı elə bir vaxtda baş verdi ki, dünyada din təcrid olunurdu. Dünyanın şərqində kommunist sovet hökumətində din xalqlar üçün tiryək hesab olunurdu. Dindarlar bütün hüquqlarından məhrum idilər. Heç kim din haqqında söhbət edərək intellektli olmaq, azadlıqsevərlik və inqilabçılıq iddiasında ola bilməzdi. Dünyanın digər hissəsində xristianlıq hökm sürürdü. Qərbdə isə qeyri-siyasi və bəzi vaxtlar zülmə haqq qazandıran bir din var idi. Din dünyada bütövlükdə kənarda qaldığı bir vaxtda, İslam İnqilabı din adı ilə və İslam adı ilə qələbə qazandı. Həm mübarizə dövründə, həm inqilab dövründə və həmdə inqilabdan sonra İslam İnqilabında hərəkət verici əsas amil din idi. Biz hesab edirik ki, bu din digər dinləri tamamlayan bir dindir. Bu din digər dinlərdən fərqlidir, siyasətdən ayrı deyil, bu dində həm məhkəmə sistemi , həm idarəetmə sistemi , ailə, uşaqların tərbiyəsi, müharibə, müdafiə, inkişaf, müasirlik, sivilizasiya və digər məsələlər haqqında qanunlar var. İslam dini kamil bir dindir. Düşünürük ki, İslamı əsaslar əgər diqqətə alınarsa bu gün dünyadakı bütün problemlər öz həllini tapar. İslam dinin həm sülh haqqında, həm terrorizmlə mübarizə ilə bağlı və həmdə bugünkü dünyada mövcud olan hər bir məsələ ilə bağlı düsturu var. İslam İnqilabının qələbəsi ilə elə bir sistem yaradıldı ki, onun başında vəliye-fəqih olan bir şəxs dayanır və İnqilabın rəhbəri hesab olunur. O, ölkənin ən ali rəsmisidir. Həmin şəxs hökmən müctəhid olmalıdır, dini bir sima olmalıdır, qorxmaz, ədalətli, insanların halına yanan, sadə yaşayan şəxs olmalıdır. Vilayate-fəqih nəzəriyyəsi İslam təlimlərindən doğan bir nəzəriyyədir və İmam Xomeyni bu nəzəriyyəni diriltdi. İslamı bir rəhbər və vəliye-fəqih olan şəxs sərvət baxımından çox güclüdür, lakin heç vaxt məğrur olmur, siyasi baxımından çox güclüdür, lakin heç vaxt diktator olmur. Valiye-fəqih elə bir şəxsdir ki, dinin müdafiəçisidir, xalqın mənafeyinin qoruyucusudur və ölkəni idarəetməsini həyata keçirir. Biz bunu təcrübədə özümüzdə gördük ki, İnqilabın rəhbərliyi həm İmam Xomeyninin dövründə və həmdə ondan sonra ölkəni bütün ziyanlardan və çətinliklərdən düşmənlərin hədələrinə baxmayaraq qoruya bildi.
İslam İnqilabının qələbə qazanmasında rol oynayan 3 əsas amil var idi. Onlardan birincisi İslam dini, 2-cisi İnqilabın rəhbərliyi idi ki, bu iki əsas amil haqqında yuxarıda danışdıq. İnqilabın qələbəsində rol oynayan 3-cü amil isə xalq idi. Xalq İslamı inanclar və milli dəyərləri qorumaq naminə inqilab rəhbərinə inanaraq meydanlara axışdı. İslam İnqilabı demək olar yeganə inqilab idi ki, ən az qanla qələbə qazandı. Biz zalım şah hökuməti ilə vuruşmadıq. Ölkəmizdə daxili müharibə baş vermədi. İnqilabçılar qələbəni silah gücünə əldə etmədilər. Bəlkə xalq kütləsi öz etiraz səslərini ucaltdı və küçələrə axışdı və öz rəhbərlərini dinləyərək qələbə əldə etdilər. İslam İnqilabı bəlkə də ilk inqilabdır ki, xalq hərbiçilərə gül verirdi. Digər inqilablarda həmişə hərbiçilər xalqın qarşısında durduğu bir halda İslam İnqilabı zamanı hərbiçilər xalqa qoşulurdular. Xalqın bütün təbəqələri istəmədikləri rejimlə mübarizə üçün səfərbər olmuşdu. Rejimdə güclü rejim idi. Bütün hegemon güclər həmin rejimi dəstəkləyirdi, lakin xalqın iradəsi qarşısında bu rejim müqavimət edə bilmədi. İslam İnqilabının qələbə qazanmasında xalq təbəqələri arasında gənclər və universitet tələbələrinin özünə məxsus rolu olub. İnqilabın gedişatında xalq təbəqələri arasında meydanlarda olan ən aktiv təbəqə gənclər və tələbələr idi. İnqilabın gedişatında tələblərin və gənclərin təsiredici rolu olub. Tələbələr bəzi proqramlar o cümlədən ifşaedici teatrların təşkili, məqalə və yazılar dərc etməklə. bir sözlə incəsənət, qələm və bəyandan istifadə edərək maarifləndirici işlər aparırdılar. İslam İnqilabının qələbəsində xalqın rolu və xalq təbəqəsi arasında gənclər və tələbələrin özünə məxsus rolu olub.
- Sizcə, İslam İnqilabının digər ölkələrə mesajı nə idi?
- İslam İnqilabının xüsusiyyətlərindən biri ölkənin müstəqillik əldə etməsidir. İran, İslam inqilabından öncə müstəqil deyildi. Digər ölkələr bizim xarici siyasətimizi müəyyənləşdirirdi. Bizim hərbi durumumuz digər ölkələrə və onların hərbi məsləhətçilərinə bağlı idi. Ölkənin iqtisadiyyatı xüsusi ilə neftimiz əcnəbilər, xüsusi ilə Amerikalılar tərəfindən idarə olunurdu. Elə bu ölkələr tərəfindən də çox ucuz qiymətə alınırdı. Müstəqil olmadığımız üçün dünyada və regionda mövqe sahibi deyildik, təsir edici gücümüz yox idi. İslam İnqilabının digər ölkələrə öyrətdiyi dərslərdən biri istiqlal və hegemonluqla mübarizə dərsidir. Biz görürük ki, İslam İnqilabından sonra tədricən müstəqillik istəmək dalğası müxtəlif ölkələrdə artmağa başlayır. Qərb ölkələrindən qorxan ölkələr belə yavaş-yavaş öyrəndilər ki, böyük güclərin qarşısında dayanmaq olar, onlarla mübarizə aparmaq mümkündür, xalqa güvənərək milli mənafeni təmin etmək mümkündür. Bunlar hamısı İslam İnqilabının digər ölkələrə keçdiyi dərsdir. Bu gün əgər görürük ki, İran İslam Respublikasının dünyada dostları çoxdur, bu İranın müstəqil olmağa təkid etməsinə və bütün ölkələrlə dostluqda sədaqətinə görədir. Digər ölkələrin daxili işinə müdaxilə etməməyi, dünyanı təhlükəyə salan ciddi problemlər o cümlədən terrorizm, irqçilik və sionizmlə mübarizə aparmaq İranın təkid etdiyi məsələlərdir. Bu cür davranış və istək digər ölkələr üçün nümunə olub. Ötən 37 ildə dəfələrlə müxtəlif ölkələr etiraf ediblər ki, bizim əldə etdiyimiz qələbənin gücünü biz İslam İnqilabı və İmam Xomeynidən almışıq. Fikrimcə müstəqillik əldə etmək istəyi dərsi İslam İnqilabının dünya xalqlarına ərməğan etdiyi mesajdır.