“Facebook”da fəal gənclərdən olan 19 yaşlı blogger, Xalid Xanlarovun həbsindən verilmiş apelyasiya şikayətinə baxılıb.
AranNews- Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında yanvarın 23-dən həbsdə olan bloggerin özü də iştirak edib.
Məhkəmədə gənc fəalın vəkili Şəhla Hümbətova çıxış edərək bildirib ki, Xalid Xanlarovun polisə müqavimət göstərməsi barədə deyilənlər tamamilə əsassızdır. Iş materiallarında göstərilənlərdən fərqli olaraq, yanvarın 23-də günorta saatlarında o, Daxili Işlər Nazirliyində olub. Amma məhkəmə qərarında göstərilib ki, guya, o, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığındakı parkda telefonla uca səslə danışıb, söyüş söyüb. Bu zaman iki nəfər polis ona yaxınlaşıb, sənədlərini istəyib. Lakin o, sənədləri verməkdən imtina edib, polislərə müqavimət göstərib: “Bu, qətiyyən həqiqətə uyğun deyil. Təəssüf ki, məhkəmə də nə həmin polisləri, nə bu hadisəni gördüyü iddia olunan şahidi dindirib, nə də Xalidin həmin vaxt orada telefonla danışıb-danışmadığını müəyyənləşdirmək üçün mobil operator vasitəsilə bunu araşdırıb”.
Vəkil vurğulayıb ki, Xalid Xanlarovun həbsinin gerçək səbəbi onun sosial şəbəkələrdəki fəallığı, hökuməti tənqid edən statuslarıdır. Tələbə olan Xalid Xanlarov bir müddət əvvələ “facebook”dakı “Ditdili” səhifəsinin admini idi. Bu səhifədə də hökuməti tənqid edən yazılar, şəkillər paylaşılırdı.
Xalid Xanlarovun həbsindən bir gün əvvəl Qəbələdə anası Gülnar Xanlarovanı polis şöbəsinə çağırıb, oğlunun fəallığına, “facebook”da “artıq-əskik yazılarına” görə ona xəbərdarlıq ediblər: “Rəis müavini Etibar Babayev ona deyib ki, ”oğlunun artıq-əksik yazılarına görə Daxili Işlər Nazirliyində Fərid adlı şəxs onunla görüşəcək, ora getsin”. Gülnar xanım da bunu oğluna deyib, ana-oğul aralarında bu barədə bir neçə dəfə telefon danışığı, “whatsapp” yazışmaları olub. Xalid həbs olunan gün 11.45-də sonuncu dəfə anası ilə danışıb deyib ki, nazirliyə gəlmişəm, bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Nazirlikdə Xalidlə “tərbiyəvi söhbət” aparılıb. Daha sonra onu Binəqədi rayonu, 4-cü polis bölməsinə, oradan da məhkəməyə aparıb, 25 sutka həbs cəzası veriblər”.
Müdafiəçi əlavə edib ki, polis bölməsində Xalid Xanlarovu hədələyib ondan etirafedici ifadə alıblar: “Ona deyiblər ki, ya 25 sutka ilə razılaşıb, etirafedici ifadə verirsən, ya da cinayət işi başlayıb, səni 6-7 il həbsxanaya göndərəcəyik…”
Xalid Xanlarov da vəkilinin dediklərini təsdiqləyib. Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib və gənc bloggerə verilən 25 sutkalıq həbs qərarı qüvvədə saxlanılıb.