Cavad Cavadov Tale Bağırzadənin vəkili bildirib ki, ilahiyyatçı məhkəmədə çıxış edib və məruz qaldığı işgəncələrdən danışıb.
AranNews- Fevralın 5-də Tale Bağırzadənin məhkəmə şikayətinə baxılıb.
Şikayət ilahiyyatçının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində «qanunsuz saxlanması, orada işgəncələrə məruz qalması, müdafiə hüququnun pozulması” barədədir.
Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə qapalı keçirilən məhkəmə iclasında Taleh Bağırzadə özü də iştirak edib.
Tale Bağırzadənin vəkili Cavad Cavadov bildirib ki, ilahiyyatçı məhkəmədə çıxış edib və məruz qaldığı işgəncələrdən danışıb. Lakin müdafiəçi onun nələr dediyini açıqlamayıb. Bildirib ki, məhkəmənin qərarından sonra bu barədə ictimaiyyətə ətraflı məlumat verəcək.
Məhkəmə şikayətlə bağlı qərarını fevralın 9-da açıqlayacaq.
Vəkil qeyd edib ki, Tale Bağırzadə artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb. Lakin hələ də onun yaxınları ilə telefon danışığına, ailə üzvlərilə görüşünə, hətta sovqat qəbuluna da icazə verilmir.
Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb.
Fevralın 5-də Baş Prokurorluq məlumat yayaraq, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfərin həbs olunduğunu açıqlayıb. Məlumata görə, həbs olunanların 57 nəfəri Bakı və ətraf kəndlərin, 11-i isə Gəncə və digər şəhərlərin sakinləridir.