Zərdüşt Əlizadə: “İşğalçı qoşunu məhv etmək Suriyanın və müttəfiqlərinin hüququdur”.
AranNews- Səudiyyə Ərəbistanı Müdafiə Naziriliyinin sözçüsü general-mayor Əhməd Əl-Asiri Səudiyyə Ərəbistanı Krallığının koalisiyasının İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmağa hazır olduğunu bildirib. Səudiyyə rejiminin Suriyada quru qoşunları ilə əməliyyat keçirmək təklifinə ABŞ-dan dəstək verilsə də, Rusiya Səudiyyənin bu təşəbbüsünün bir növ "müharibə elanı" olduğunu bildirərək, reaksiya verib.
politoloq Zərdüşt Əlizadə deyib ki, başqa dövlətlər tərəfindən Suriyaya quru qoşunlarının yeridilməsi ehtimalına çox şübhə ilə yanaşır: “Dünyada beynəlxalq hüququ tənzimləyən zəif də olsa BMT adlı bir qurum var. BMT-nin Təhlükəsizlik Şurasının icazəsi olmadan heç bir dövlət başqa bir tanınmış dövlətin ərazisinə qoşun yeridə bilməz. Əgər göndərərsə beynəlxalq cinayət törədər. ABŞ İraqa BMT TŞ-nın qərarı olmadan girib.
Bu addımı ilə cinayət törətmişdi. ABŞ böyük və güclü ölkə olduğu üçün ona heç kəs bir şey edə və ya deyə bilmədi. ABŞ üçün beynəlxalq hüquq iflic olub. Amma bu gün Suriyaya qoşun yeritmək istəyən Bəhreyn və Türkiyə beynəlxalq hüququn cəzalarına məruz qala bilərlər. Təbii ki, bu gün ABŞ Suriyaya daxil olmayacaq.
Bəhreyn və Türkiyə elə gücdə deyillər ki, BMT TŞ-nın qərarına məhəl qoymasınlar. Əgər bu məsələ BMT TŞ-da müzakirəyə çıxarılsa, təbii ki, Çin və Rusiya veto hüququndan istifadə edib buna qarşı çıxacaqlar. Bu qərar olmadan Suriya torpağına girən istənilən qoşunu işğalçı adlandırıb bombalamaq və məhv etmək, Suriya hökumətinin qüvvələrinin və müttəfiqlərinin hüququdur. Düşünmürəm ki, Türkiyə Suriyaya BMT TŞ qərarı olmadan girmәklә Rusiya və İran ordusu ilə qarşılaşmağa hazır olsun. Bu sadəcə informasiya müharibəsidir”.