Tarix : 2016 Feb 10
Kod 47864

Məmurların artıq ciddi şəkildə cəzalandırılması lazımdır

Natiq Cəfərli: “məmurlar yenə də sahibkarlardan əl çəkmirlər. Onlar zəlil kimi yapışdıqlarını buraxmayaraq, sahibkarlara əvvəlki tək hər cür zülm etməkdə davam edirlər.”
AranNews- İlham Əliyev, sahibkarlıq subyektlərinə məmurların müdaxilə etməsinin, onların fəaliyyətinə əngəl olmasının yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Eyni zamanda, dövlət başçısı bildirib ki, sahibkarların məmurlar tərəfindən boğulmasına qarşı kəskin mübarizə aparılacaq.
Amma buna baxmayaraq, mətbuatda yazılanlardan da göründüyü kimi, məmurlar yenə də sahibkarlardan əl çəkmirlər. Onlar zəlil kimi yapışdıqlarını buraxmayaraq, sahibkarlara əvvəlki tək hər cür zülm etməkdə davam edirlər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli, açıqlamasında sahibkarlara maneə olan məmurların artıq ciddi şəkildə cəzalandırılması mexanizmlərinin tətbiq olunmasını vacib bildi: “Məmurların sahibkarlara qarşı özbaşınalığı kimi hallar yenə də təkrarlanır, tez-tez baş verirsə, belələrinə qarşı ciddi cəza mexanizmləri tətbiq olunmalıdır.  Burada artıq xəbərdarlıqlar, müəyyən sözləri deməklə məsələni həll etmək mümkün olmur.
Bu fonda həmin məmurların cəzalandırılması mexanizmi olmalıdır ki, digərləri üçün də dərs olsun. Məmur biznesdən çəkilmək istəmir.
Bu baş verdikcə də iş adamlarına, vətəndaşlara əngəl olmaqla məşğuldur. Məmur bunu da öz maraqları çərçivəsində edir. Belədə nə qədər çox maneə olursa, bir o qədər də qeyri-sivil yollarla pul qazanmaq ehtimalı artır. Buradan çıxış edərək, bu tip məmurların cəzalandırılması, tamamilə sistemdən qovulması, daha ciddi cəzaların tətbiq edilməsinə qədər gedib çıxacaq tədbirlər görmək lazımdır. 
Çünki, artıq xəbərdarlıqlar, müəyyən sözlü müdaxilələrlə vəziyyəti düzəltmək olmur. Bu insanlar, belə başa düşürəm ki, ancaq ciddi cəzalandıqdan sonra onların sahibkarlıq subyektlərinə müdaxiləsinə son qoymaq istiqamətində irəliləyişlərin olacağını görmək mümkün olacaq. Bir sıra ölkələrdə də bununla bağlı örnəklər mövcuddur, məsələn, Sinqapurda, Cənubi Koreyada”.

  • Yazılıb
  • da (də) 2016 Feb 10
  • Göndərən مدير سايت Aran News