Lerikin icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədov rayonda monarxiya yaradıb, bölgəni yazılmamış qanunlarla idarə edir, prezidentin tapşırıqlarını qulaqardına vurur.
AranNews- Talış bölgəsinin dağ rayonunda məmur özbaşınalığı ayaq açıb yeriməkdədir. Lerikin ucqar ərazidə yerləşməsi vəzifəli şəxslərin qanunsuzluqları aşkar şəkildə həyata keçirməsinə geniş imkan yaradıb.
Bölgədə 2014-cü ildən bu günə kimi qeydə alınan büdcə cinayətlərini, maliyyə xəyanətlərini, ayrı-ayrı korrupsiya faktlarını araşdırıb, ölkə başçısına verilən vədlərə əməl edilmədiyi öyrənilib.
Bu təftiş zamanı belə qənaət hasil olub ki, rayon rəhbərliyi dövlət başçısına yalan danışıb. Eyni zamanda büdcə vəsaitləri ilə yanaşı sosial problemlərin həllinə yönəlik addımlar lazımi səviyyədə atılmayıb, yerli sakinlərin şikayətləri həllini tapmayıb.
Araşdırmanın nəticələrinə keçməzdən qabaq bir nüansı da qeyd edək ki, sadalanacaq faktlar jurnalist təhqiqatı və lerikli sahibkarların verdiyi məlumatlar əsasında toplanıb.
Belə aydın olub ki, Lerikin icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədov rayonda monarxiya yaradıb, bölgəni yazılmamış qanunlarla idarə edir, prezidentin tapşırıqlarını qulaqardına vurur. Lerikin ucqar dağ region olmasını nəzərə alan icra başçısı və deputat öz istəklərini arxayınlaşmış şəkildə realizə etməkdə fasilə vermirlər.
Beləliklə, ilk növbədə fermerlərə çatacaq subsidiyaların mənimsənilməsinə diqqət yetirmək lazımdır. Lerik rayon İcra Hakimiyyətinin rəsmi saytında 2014-cü ildə fiziki və hüquqi şəxslərə hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqda məlumat yerləşdirilib. Bu vəsaitlərdən nə qədər və hansı kəndlərə ayrıldığı açıqlanıb.
Amma gələn xəbərlər və aparılan araşdırmalar həmin vəsaitlərin şəffaf şəkildə bölüşdürülmədiyini deməyə əsas verir. Həmçinin, subsidiyaların heç də göstərilən rəqəmlərlə kəndlərə çatmadığı iddia olunur. Bu yeyinti əməliyyatında rayon rəhbərliyinin xüsusi iştirakı olduğu bildirilir.
Ancaq son hadisələr və MTN-də olan həbslər məsələnin üstünü açıb. Lerik rəhbərinin “Dostluq”parkında villasının olduğu aydınlaşıb. İcra başçısı bu faktın faş olmasından həyəcanlanıb.