Tarix : 2016 Feb 16
Kod 47923

Dini kadrların hazırlanması uçun xüsusi hazırlıq kursları təşkil olunacaq

Azərbaycanda məscidlər üçün dini kadrların hazırlanması məqsədilə xüsusi hazırlıq kursları təşkil olunacaq.
AranNews- Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli məlumat verib.
O bildirib ki, məscidlərdə axundluq və imamlıq etmək üçün dini kadrlara ehtiyac böyükdür və bu təşəbbüs də buradan doğub: "İstəyirik ki, məscidlərimizə xaricdən olan təsirlərlə oturub-duranlar deyil, öz yetişdirdiyimiz kadrlar rəhbərlik etsin. QMİ-nin təşkil etdiyi xüsusi kurslar Bakı İslam Universitetinin nəzdində olacaq. Kurslara məscidlərdə işləmək istəyənlər cəlb olunacaq. Bir müddət əvvəl işləyənlər üçün təkmilləşdirmə kursları təşkil olunmuşdu. Xüsusi kurslar isə məscidlərdə işləmək istəyənlər üçün olacaq. Kurslara dini biliklərlə bağlı 20 faiz bazası olanlar cəlb olunacaq. Onlara dərsləri Bakı İslam Universitetinin müəllimləri, dəvət olunmuş qazilər verəcək".
QMİ sədrinin müavini vurğulayıb ki, xüsusi kurslarda tədrisin 5 ilə qədər davam etməsi mümkündür.
Onun sözlərinə görə, dini kadrları bir neçə ilə hazırlamaq mümkün deyil: "12, hətta 20 il dini sahədə təhsil alan QMİ sədrlərimiz, bu sahədə çalışan insanlarımız olub. Lisenziya aldıqdan sonra Bakı İslam Universiteti də 4 illik təhsil sisteminə keçdi. Hesab edirəm ki, diplomların tanınması üçün bu bizə lazımdır, amma dini təhsil üçün 4 il çox azdır. Ona görə də təşkil olunacaq kurslar elə-belə kurs olmayacaq. Xüsusi təhsil vermək nəzərdə tutulur və ancaq məscidlər üçün kadrlar hazırlanacaq. Çünki Bakı İslam Universitetindən gələn məzunların bir qismi məscidlərə, bir qismi elmi müəssisələrə işə gedir. Məzunların bir qismi qızlar olur ki, onlar da məscidlərdə işləmir".
S.Həsənli bildirib ki, kursda təhsil alacaq olanların seçimini komissiya aparacaq. Rektor onu da əlavə edib ki, artıq kurslarda iştirak etmək istəyənlərdən 21 nəfər seçilib: "40 yaşa qədər insanlar bu kurslara qatılmaq üçün müraciət edə bilərlər. Kursların dövlət təhsili ilə bir əlaqəsi olmadığı üçün istənilən vaxt başlaya bilər. Bu sahədə maliyyə imkanları məsələsi var, çünki həmin kurslara qatılanlar həm də QMİ tərəfindən təqaüd alacaqlar. Rayonlardan gələnlər QMİ tərəfindən yataqxana, yeməklə təmin olunacaqlar. Biz lap 50 nəfər də oxuda bilərik, çünki 50 nəfər 5 ildən sonra 50 məscidin təmini deməkdir. Ona görə hər il kurslar təşkil oluncaq. Hətta ola bilər ki, bir ildə iki qrup hazırlıq üçün götürülüsün. Bu da QMİ-nin maddi imkanına bağlıdır. Bakı İslam Universiteti hələ ki, heç bir yerdən maddi dəstək almadığına görə tələbələr ödənişli təhsil alır. Amma kurslara qəbul pulsuz olacaq. Biz məscidlərə kadr verməyəndə müxtəlif mənfi hallar meydana çıxır. Ona görə də öz yetirmələrimiz olmalıdır. Xaricdə oxuyub gələn tələbə istər-istəməz oradakı müəlliminin, dövlətin mənafeyindən çıxış etməli olur".
S.Həsənli onu da qeyd edib ki, Azərbaycanda bu gün 1500-dən çox məscid imamsız və axundsuzdur: "Həmin məscidləri axund və imamlarla təmin etmək üçün on illərlə iş aparmaq lazımdır. Son illərdə bu sahədə bir az gerilik olub. Bakı İslam Universitetinə gələn tələbələr arasında seçim edə bilmirik. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanından keçib gəlirlər və biz bu zaman müəyyən qədər şiə, müəyyən qədər sünni məzhəbindən olanları seçə bilmirik. Komissiya üçün imtahan verənlərin sünni və ya şiə olmasının fərqi yoxdur, amma bizim üçün var. Elə seçim aparmalıyıq ki, onların sayını stabilləşdirə, balans yarada bilək. Elə il olur ki, gələn tələbələrin 90 faizi ya şiə, ya da sünni olur. Bu isə Azərbaycanın xeyrinə deyil. Çünki 1500 məscidi təmin etmək üçün bizə həm sünni, həm də şiə təriqətindən olan din xadimləri lazımdır".
  • Yazılıb
  • da (də) 2016 Feb 16
  • Göndərən مدير سايت Aran News