Tarix : 2016 Feb 16
Kod 47925

Naxçıvanda tarixi İmamzadə türbəsi bərpa edilib

Naxçıvanda tarixi İmamzadə türbəsi yeddinci İmam Musa Kazımın (ə) oğlu Şahzadə İbrahimin məzarı bərpa edilərək istifadəyə verilib.
AranNews- Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan İmamzadə türbəsi bərpa olunub və bu gün tarixi abidə, həm də ziyarətgah kimi istifadəyə verilib.
bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Vasif Talıbov Xanlıqlar kəndinə gəlib, türbədə aparılmış bərpa işləri ilə tanış olub.
İmamzadə türbəsi yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üstündə tikilib, uzun illər ziyarətgah və inanc yeri olub. İmamzadə giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri zamanı “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Abidənin həyətində də geniş abadlıq işləri aparılıb.
V. Talıbov deyib ki, ziyarətgahların ərazisi abad və səliqəli olmalıdır. Ona görə də Xanlıqlar kəndindəki İmamzadə türbəsi bərpa olunaraq ona ikinci həyat verilib, türbənin yerləşdiyi ərazi abadlaşdırılıb. Ali Məclis sədri bildirib ki, həyata keçirilən bu tədbirlər tarixi-mədəni irsimizə göstərilən qayğı olmaqla yanaşı, eyni zamanda türbədə məzarı olan Şahzadə İbrahimə, onun ailəsinə və dinimizə hörmətin daha bir ifadəsidir. V. Talıbov abidə haqqında bələdçi mətninin hazırlanması, tanıdılması və təbliği barədə tapşırıqlar verib. Sonra “Qurani-Kərim”dən ayələr oxunub.
  • Yazılıb
  • da (də) 2016 Feb 16
  • Göndərən مدير سايت Aran News