Nikolay Bordyujan: Ermənistanla Azərbaycan arasındakı münaqişə, Dağlıq Qarabağ konflikti ilə bağlı mövqeyimizdə ciddi dəyişikliklərin edilməsi üçün heç bir lüzum görmürəm. Qarabağda müharibə olarsa, bizim dərhal işə qarışacağımızı düşünənlər də yanılırlar.
AranNews- MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general-polkovnik Nikolay Bordyujanın bu açıqlaması Ermənistanda şok effekti yaradıb.
İrəvandakı “Sputnik Armeniya” beynəlxalq mətbuat mərkəzinin Moskva ilə videonkonfrans rejimində translyasiya etdiyi mətbuat konfransında N.Bordyuja erməni jurnalistlərin ona ünvanladığı suallara onlayn rejimdə Moskvadan cavab verib.
Erməni jurnalistlərdən biri soruşub: “Ötən ilin dekabrın 21-də Ermənistan prezidenti Serj Sərkisyan Moskvada çıxış edəndə bizə müttəfiq ölkələri sərt tənqid etdi, onları Azərbaycanın Ermənistana qarşı yürütdüyü siyasətə adekvat reaksiya verməməkdə suçladı. Başçılıq etdiyiniz təşkilat Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı tutduğu mövqeyi bu çıxışdan sonra dəyişəcəkmi?”.
Nikolay Bordyujanın cavabı ermənilər üçün gözlənilməz olub. Rusiyalı general-polkovnik deyib: “Təşkilatımız mövqelərində heç bir dəyişiklik etməyib. Daha doğrusu, həddən artıq həssas olan məsələdə tutduğumuz mövqedə köklü, ciddi dəyihikliklərə heç bir lüzum görmürəm. KTMT Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesinə cəlb olunmayıb. Situasiyaya Ermənistan cəlb olunduğundan vəziyyəti monitorinq edirik. Münaqişənin nizamanması ilə bağlı təşkilatlar – ATƏT, BMT məşğul olurlar. Ona görə də mövqeyimizin dəyişməsi üçün heç bir səbəb, məna görmürəm. Mövqeyimiz aydın və dəqiqdir: münaqişənin dinc yolla çözülməsini istəyirik.
Bütün ölkələr Azərbaycanla Ermənistanın sərhədindəki vəziyyətin gərginləşməsinə, ağır silahlar və texnikadan istifadəyə qarşıdır. Yerdə qalanlara gəldikdə isə… Marksı oxuyun, orada hər şey yazılıb”.
Daha sonra N.Bordyuja sinirlənib: “Siz erməni jurnalistlər elə hey KTMT-ni tənqid edirsiniz. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarımızı, bəyanatlarımızı oxuyun, tanış olun. Ya siz bu məsələ ilə maraqlanmırsınız, ya da bilərəkdən bu barədə danışmırsınız. Situasiyanın təşkilatımızın nüfuzuna və önəminə hər hansı formada təsir etdiyini düşünmürəm. Bir daha deyirəm: müttəfiqlərimizlə bağlı situasiyalara həmişə reaksiya vermişik və bundan sonra da belə olacaq”.
Erməni jurnalistlərin mətbuat konfransında bütün səylərinə rəğmən, N.Bordyuja Azərbaycana qarşı heç bir açıqlama verməyib.