Ermənistanın Xalq partiyasının rəhbəri: 1921-ci ildə imzalanan Moskva sazişinin ləğv olunması təşəbbüsü Ermənistan üçün sərfəli deyil. Onun müəllifləri bizi müharibəyə cəlb etmək istəyirlər.
AranNews- Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistanın Xalq partiyasının rəhbəri Tiqran Karapetyan bildirib.
Partiya sədrinin sözlərinə görə, son vaxtlar regionda vəziyyət gərginləşib:
“Türkiyə prezidenti Azərbaycana gedir. KTMT sədri Nikolay Bardyuja bəyan edir ki, Rusiyanın Ermənistandakı bazası Türkiyə ilə münaqişə üçün nəzərdə tutulmayıb, digər problemləri həll edir. Bütün bunlar Ermənistan üçün narahat edici faktorlardır”.
Qeyd edək ki, fevralın 8-də Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.Xatırladaq ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.