Qara qızılın qiymətinin 20 dollara düşməsi Azərbaycan üçün arzuolunmaz ssenaridir.
AranNews- Dünyanın iri investisiya banklarından biri olan "Goldman Sachs", neft qiymətinin 20 dollardan da aşağı düşəcəyi haqda proqnoz verib. Bank ehtimal edir ki, təklif və tələb balansının tapılması üçün qiymətlər daha oynaq hala gələcək və bunun nəticəsində də neftin 1 barelinin qiyməti 20 dollardan da aşağı düşəcək.
"Goldman"ın əmtəə araşdırma direktoru Jeff Currie bildirib ki, neft hasilatı yüksək olaraq qalır və artıq naft bazalarında nefti saxlamaq üçün yer bitmək üzrədir: "Hasilat isə dayanmır. Hasilatın dayanması üçün neftin daha da ucuzlaşması lazımdır. Bu səbəbdən, neft 20 dollardan da aşağı düşəcək və nəticədə bir sıra istehsalçılar hasilatı dayandıracaq".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, İlham Şaban deyib ki, neftin qiyməti 20 dollar və ya ondan daha aşağı düşərsə, ARDNŞ neft hasilatını saxlaya bilər: "Belə ki, neftin qiyməti daim dəyişkəndir. Bu gün neftin qiymətinin kəskin enməsini müşahidə edirik. Amma bu prosesin daim belə olacağını heç kəs iddia edə bilməz. Neft qiymətləri təbii ki, artım dövrünü də yaşayacaq. Azərbaycan üçün neft hasilatının dayandırılması heç də düzgün qərar olmazdı".
"Məlum olduğu kimi, neft qiymətləri 1990-cı illərdə 10 dollar ətrafında dəyişirdi. Azərbaycan ən böyük neft müqavilələrini məhz həmin dövrlərdə bağladı. İndiki dönəm Azərbaycan üçün çətin dönəm hesab edilir. Amma bu prosesləri normal dəyərləndirə bilsək, çox az ziyanla bu mərhələni adlaya bilərik", —deyə ekspert bildirib.
İqtisadçı ekspert, Anar Rzayev isə hesab edir ki, neftin qiymətinin aşağı enməsi inkişaf etmiş ölkələrdə də problemlər yaradır.
O, açıqlamasında deyib ki, neftin qiymətinin aşağı düşməsi bir tərəfdən dünya iqtisadiyyatında müsbət trendlər yaradıbsa (inkişaf etmiş ölkələr ucuz enerji daşıyıcıları əldə edirlər), o biri tərəfdən də, bəlli olub ki, dünyanın inkişaf etməkdə olan ölkələrində tənəzzül başlayıb.
"Yəni inkişaf etmiş ölkələr bundan mənfəət götürürlər, amma dünya iqtisadiyyatı mənfəət götürə bilmir. Çünki aparıcı qüvvə olan inkişaf etməkdə olan ölkələrdə tənəzzüllər özünü göstərir. İnkişaf etmiş ölkələrin özlərində də yanvar ayından başlayaraq deflyasiya trendləri başlayıb. Deflyasiyanın da sonu işsizlikdir. Nəticədə bu, orada da iqtisadi tənəzzülə gətirib çıxara bilər", deyən iqtisadçının sözlərinə görə, Azərbaycan iki seçim arasında qala bilər.
"Neftin qiymətinin aşağı düşməsi bizim valyuta gəlirlərini daha da azaldacaq, iqtisadiyyatımıza təyziqi bir az da artıracaq. Bu, bəlli bir həqiqətdir. Amma bunun qarşısında hökümət atdığı addımları onsuz da atır və islahatlar yolu ilə gedir. Bizdə hökümət pul kütləsini kifayət qədər azaldıb, yəni manatın kütləsi indi iqtisadiyyatımızda yetərincə azdır. Bu onun üçün olub ki, dollara təlabat aşağı olsun", —A. Rzayev qeyd edib.
Onun sözlərinə görə, əgər neftin qiyməti düşməyə davam etsə, bu o deməkdir ki, iki variant baş verə bilər: "Ya hökümət manat kütləsinin genişləndirilməsini ertələməli olacaq və yaxud da manat kütləsini bir az da sıxacaq. Bunun nəticəsində manata təyziq azalacaq, amma iqtisadi artımın baş verməsə, bu, əngəllənə bilər. Biz bu iki seçim arasında qala bilərik".
Qeyd edək ki, neftin qiymətinin 20 dollara düşməsi Azərbaycan üçün arzuolunmaz ssenaridir. Azərbaycan rəsmiləri neftin barelinin 25 dollardan aşağı düşməyəcəyini gözləyirlər. Ekspertlər isə bildirirlər ki, neft 20 dollara düşərsə, 1 dollar 2 manatdan yüksək olacaq./ Sputnik