Gürcüstan parlamentində azərbaycanlı deputat erməni separatçının bir neçə gün əvvəl verdiyi bəyanata münasibət bildirib.
AranNews- Bu gün Gürcüstan parlamentində milliyyətcə azərbaycanlı olan deputat Azər Süleymanov Cavaxetiya bölgəsində yaşayan, separatçı çıxışları ilə tanınan Vaan Çaxalyanın bir neçə gün əvvəl verdiyi bəyanata münasibət bildirib. A. Süleymanov V. Çaxalyanın bəyanatının türklər və azərbaycanlıların əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, deputatın çıxışı Gürcüstan televiziyası ilə canlı yayımlanıb.
A. Süleymanov bildirib ki, hələ də Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi qiymət verilməyib. Gürcüstan parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verən deputat qeyd edib ki, 24 il bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Rusiya ordusunun köməyi ilə Xocalı şəhərində yaşayan azərbaycanlıları işgəncə ilə öldürüblər. Onun sözlərinə görə, bu dəhşətli cinayətləri törədənlər hələ də azadlıqdadır.
“Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər əraziləri rus tanklarının və erməni separatçılarının köməyi ilə işğal edilib. Bu işğala oxşar hadisələr Gürcüstanın da başına gəlib. Mən azərbaycanlıyam, Gürcüstan isə vətənimdir. Çaxalyan öz bəyanatında bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə türklərə və azərbaycanlılarına üstünlük verir. Mən bu bəyanatla əlaqədar Gürcüstan prezidentinə, parlament sədrinə müraciət edirəm. Xahiş edirəm ki, Çaxalyanın bu separatçı bəyanatına reaksiya verilsin”, - deyə o vurğulayıb.
A. Süleymanov Baço Axalaya, Giqi Uqulava və Vano Merabişvili kimi vətənpərvər şəxslərin hələ də həbsdə saxlanıldığını, lakin separatçı Çaxalyana amnistiya verildiyini vurğulayıb. Deputat Gürcüstanla Azərbaycanın həmişə bir yerdə olduğunu deyərək, ölkələr arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.
Qeyd edək ki, "Vahid Cavaxk" təşkilatının lideri V. Çaxalyan Saakaşvili hakimiyyəti dönəmində həbs olunub. 2013-cü ildə isə əfv edilib.