Mayis Gülalıyev: Azərbaycan müstəqil dövlətdir və onun öz maraqları var. Türkiyə qardaş ölkə olsa belə Azərbaycan öz maraqlarından çıxış etməlidir.
AranNews- Müxalifət nümayəndələri, Araz Əzimovun müsahibəsini axıra qədər oxusunlar. O zaman anlayacaqlar ki, diplomat beynəlxalq hüquq çərçivələri əsasında çıxış edərək fikir bildirib. bu sözləri Azərbaycan Yaşıllar Partiyasının həmsədri, politoloq Mayis Gülalıyev deyib.
Mayis Gülalıyev, Azərbaycan xarici işlər nazirinin müavini, Araz Əzimov “Die Presse” qəzetinə müsahibəsi zamanı verdiyi açıqlamanı tənqid atəşinə tutan bəzi müxalifət təmsilçələrindən danışıb. Azərbaycan Yaşıllar Partiyasının həmsədri, politoloq Mayis Gülalıyevlə bildirib ki, BMT-nin üzvü olan Suriya dövləti var və bu dövlətin faktiki olaraq prezidenti mövcuddur. Əhalinin hər hansı bir qrupunun prezidentin əleyhinə çıxmağı, Suriya dövləti artıq yoxdur anlamına gəlmir. Üstəlik Bəşər Əsəd xalq tərəfindən seçilmiş prezidentdir. Bütün bunlar onu göstərir ki, XİN rəsmisi Araz Əzimovun səsləndirdiyi fikirlər tamamilə düzgündür. Onun dediyi kəlmələr faktiki olaraq dövlətin mövqeyini əks etdirir. Diplomatın səsləndirdiyi fikirlər məntiqi və qanunidir. Bu baxımdan müxalifətin narazılığı tamamilə əsassızdır.
Mayis Gülalıyev daha sonra deyib: "Araz Əzimov müsahibəsində açıq-aşkar bildirib ki, əgər Suriyanın yeni prezidenti seçilərsə Azərbaycan onu da qəbul edəcək. Bu hüquqi normativlər baxımından adi haldır. Bu gün isə Suriyanın dövlət başçısı Bəşər Əsəddir və Azərbaycan hökumətinin onu prezident kimi qəbul etməsində qeyri-normal hal mövcud deyil. Müxalifət isə Araz Əzimovun fikirlərini xəyanət kimi qiymətləndirməklə çox böyük səhvə yol verir".
Ekspert müxalifətin məsələyə bu cür münasibət sərgiləməsini belə əsaslandıraraq: “Müxalifətin məntiqində bir məsələ dayanır. ABŞ-ın və onun Azərbaycandakı nümayəndələrinin xoşuna gəlməyə çalışmaq. Müxalifət üçün əsas meyar budur. Bu gün ABŞ, Bəşər Əsəd hökumətini qəbul etmir və ona görə də, Azərbaycan müxalifəti ABŞ-ın xoşuna gələn fikirlər səsləndirir. Bu yolda müxalifət əsasən Türkiyə faktorundan istifadə edərək diplomatın fikirlərini xəyanət kimi təqdim etməyə çalışır. Lakin unutmaq lazım deyil ki, Azərbaycan müstəqil dövlətdir və onun öz maraqları var. Türkiyə qardaş ölkə olsa belə Azərbaycan öz maraqlarından çıxış etməlidir. Bu gün legitim hakimiyyət Bəşər Əsədə məxsusdur. Ona görə də bu məsələdə Azərbaycanın sərgilədiyi mövqe tamamilə qanunidir və doğrudur. Müxalifət nümayəndələri Araz Əzimovun müsahibəsini axıra qədər oxusunlar. O zaman anlayacaqlar ki, diplomat beynəlxalq hüquq çərçivələri əsasında çıxış edərək fikir bildirib”, - deyə danışıb./ İslamazeri