Məhkəmə qarşısına toplaşan Tale Bağırzadənin tərəfdarlarinin 10 nəfəri həbs edilib.
AranNews- Nəsimi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə bu günə təxirə salınmış iclas Tale Bağırovun məhkəməyə gətirilməməsi səbəbindən təxirə salınıb.
Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə fevralın 19-da keçirilməli olan məhkəmə təxirə salınıb. Bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə bu günə təxirə salınmış iclas Tale Bağırovun məhkəməyə gətirilməməsi səbəbindən təxirə salınıb.
Qeyd edək ki, C.Cavadov Tale Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, T.Bağırzadə noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 7 nəfər öldürülüb.
Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və Nardaran hadisələri zamanı saxlanılan 14 nəfərə, o cümlədən Taleh Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Bağırzadə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində T.Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti təmin edilməyib.
Tale Bağırzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (“Bandotdel”) işgəncələrə məruz qalıb. Bununla əlaqədar müdafiə tərəfi məhkəmə nəzarəti qaydasında şikayət verib.
Vəkil Cavad Cavadov bildirib ki, Bağırzadənin bir qrup tərəfdarı binanın qarşısına toplaşıb. Polislər qəfildən onlara hücum çəkərək, dağılışmaqlarını tələb edib və zor işlədib. Nəticədə gərginlik yaranıb. Bildirildiyinə görə, polsilər məhkəmə qarşısına toplaşanlardan 10 nəfəri həbs ediblər.