Tarix : 2016 Feb 22
Kod 47988

Qərb, Azərbaycanı Yaxın Şərqdəki qan çanağına sürümək istəyir

Azərbaycanın Rusiya və İrana qarşı əks mövqe tutması öz növbəsində Azərbaycan üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.
AranNews- Azərbaycanın xarici işlər naziri, Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə görüşüb. Görüşdə bir çox maraqlı məqamlara toxunulub, o cümlədən terrorla mübarizə sahəsində ikitərəfli əməkdaşlıq barədə mövzu müzakirə edilib.
Görüş çərçivəsində Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanı tərəfindən yaradılan İslam Antiterror Koalisiyasına qoşulmaq haqda düşünür.
Qeyd edək ki, bu koalisiyanın yaradılmasının əsas məqsədi Bəşər Əsəd hakimiyyətini devirməkdir. Koalisiyaya Azərbaycanın ən yaxın tərəfdaşlarından olan Türkiyə və Pakistan qoşulub. Rusiya və İran isə İslam Antiterror Koalisiyasının yaradılmasının əleyhinə olub.  Azərbaycanın koalisiyaya qoşulması faktiki olaraq Rusiya və İrana qarşı əks mövqe tutması anlamına gəlir.
Bu isə öz növbəsində Azərbaycan üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Bütun bunlarla yanaşı Elmar Məmmədyarovun fikirləri bir neçə gün öncə “Bəşər Əsəd hakimiyyətinin legitimliyini tanıyırıq və dəstəkləyirik” deyən xarici işlər nazirinin müavini Araz Əzimovun da fikirlərini sıfırlayıb. Belə ki, nazirin, Əsəd hakimiyyətini devirmək üçün yaradılan “İslam Antiterror Koalisiyasına qoşulmaq haqda düşünürük” deməsi diplomatların səsləndirdikləri fikirlərin ziddiyyətini ortaya çıxarıb. Olduqca ciddi müzakirələrin və səsləndirilən fikirlərin fonunda hər kəsi bir sual düşündürür:
Görəsən, Azərbaycan İslam Antiterror Koalisiyasına qoşulmaqla faktiki olaraq Rusiya və İrana qarşı əks mövqe sərgiləyə bilərmi?  Bu baş verərsə, Azərbaycan üçün hansı mənfi və ya müsbət nəticələrə gətirib çıxarar?.
Birlik.az saytının rəhbəri şərqşünas Vüsal Hətəmov bildirib ki, Azərbaycan qoşulmama təşkilatına üzvdür. Ona görə də, heç bir hərbi alyansa qoşulması gözlənilən deyil. Yalnız sülhməramlı əməkdaşlığın edilməsi mümkündür. İŞİD- lə bağlı ittifaqa gəlincə isə bu istiqamətdə mübarizəni Azərbaycandan daha çox, terror qruplaşmasını yaradıb maliyyələşdirənlər aparmalıdırlar.  
Vüsal Hətəmovun sözlərinə görə, Qərb İŞİD-lə mübarizə adı altında Azərbaycanı Yaxın Şərqdəki qan çanağına sürümək istəyir. Buna isə yol vermək olmaz. Üstəlik, Türkiyənin vəziyyəti göz qabağındadır. Hələ bu koalisiyaya qoşulmaqla Rusiya və İran kimi böyük qonşu dövlətləri özümüzə düşmən etmək indiki vəziyyətdə heç işimizə yaramaz, acı nəticələr verə bilər. Bütün bunlara görə də, birmənalı şəkildə yox deməliyik.
 Şərqşünas qeyd edib ki, Bizim İŞİD-imiz Ermənistandadır. Hərbi gücümüz  Qarabağa sərf olunmalıdır. Azərbaycan xarici İşlər Naziri və onun müavininin səsləndirdikləri fikirlərin bir-birinə zidd olmasına gəlincə, Vüsal Hətəmov bunları deyib: “Dünya ikili standartlar tələb etdiyindən azərbaycanlı diplomatlar da buna uyğun fikirlər səsləndirirlər”.
  • Yazılıb
  • da (də) 2016 Feb 22
  • Göndərən مدير سايت Aran News