Azərbaycan Paytaxtinda kirayədə qalan əyalət sakinlərinin bir qismi mənzilləri tərk edərək kəndlərdəki evlərinə dönürlər.
AranNews- Devalvasiyadan sonra Azərbaycanın daxili miqrasiyasında ilk dəfə olaraq əks proses müşahidə edilməyə başlayıb.
əgər 1990-2000-ci illərdə Azərbaycanın regionlarından Bakıya köç başlamışdısa, indi paytaxtdan kəndlərə qayıdış müşahidə edilir.
Bakıda bu prosesin təzahürünü ilk olaraq əmlak bazarında hiss etmək olar. Paytaxtda kirayədə qalan əyalət sakinlərinin bir qismi mənzilləri tərk edərək kəndlərdəki evlərinə dönürlər.
Şəhərdə fəaliyyət göstərən əmlak qiymətləndirmə şirkətlərindən birində aparıcı mütəxəssis işləyən Rəşad Əliyev bildirib ki, son bir neçə ayda 10 minə yaxın adam kəndlərə qayıdıb: “Dəqiq statistika aparılmasa da, şəhərdə 30 minə yaxın obyekti mənzil kimi kirayəyə verirlər. Ilin əvvəlindən bu mənzillərin 10 faizə qədəri boşalıb. Əsasən şəhərin ətraf məhəllələrində olan ucuz evlər boşalıb. Mərkəzdə də boşalan mənzillər var, onları təhvil verənlər əsasən şəhər ətrafındakı ucuz mənzillərə köçürlər”.
Paytaxtda evi olan ailələrdən də kəndə dönənlər var. Regionlarda aparılan araşdırmasına görə, geri qayıdanlar əsasən Bakıda iş yerini itirənlərdir və onların arasında gənclər üstünlük təşkil edir. Həmin gənclər kəndə dönməzdən öncə Bakıda inşaat işçisi, satıcı, restoran işçisi və s. kimi fəaliyyət göstəriblər. Indi regiona qayıdaraq kirayə vermədən oxşar işlər görməyə çalışırlar.
Əgər 1990-2000-ci illərdə Azərbaycanın regionlarından Bakıya köç başlamışdısa, indi paytaxtdan kəndlərə qayıdış müşahidə edilir.
Geri qayıdanların sayı xüsusilə cənub və qərb regionlarında daha çoxdur.
Lənkəran bölgəsinə geri qayıdanlar birinci növbədə Iranla sərhəd ticarətinə maraq göstərirlər. Bölgədə bərpa edilməyə başlayan çay plantasiyalarında və tərəvəz sahələrində də işləyənlər az deyil. Bəziləri isə rayonlardakı ticarət obyektlərində iş tapmağa çalışırlar. Sosial müavinət almaq istəyənlərin də sayı çoxdur. Rayon rəhbərlikləri isə paytaxdan dönənlərin kənd təsərrüfatında işləməsi üçün şərait yaratmağa çalışır. Çünki bölgəyə sərhəd ticarəti nəticəsində Irandan kartof-soğan kimi aqrar məhsullar da gətirənlər az deyil.
Eyni proses qərb rayonlarında da müşahidə edilir. Bölgə hələ sovet illərindən çoxtərəfli təsərrüfatçılıqla məşğul olduğundan Bakıdan dönənlərin problemi elə də ciddi hiss edilmir. Geri dönənlər Gəncə-Qazax bölgəsindən Bakıya, yaxud kəndlərdən Gəncəyə fərdi qaydada kənd məhsulları aparıb satmaqla məşğuldurlar. Bəziləri isə Gürcüstanla sərhəd ticarətinə başlayıblar, əsasən sosiska, kolbasa, kartof və s. ərzaq məhsulları gətirirlər.
Bəzi bölgələrdə Bakıdan dönənlərin çoxluğu elə də ciddi hiss olunmasa da, rayonların özləri intuitiv şəkildə bu prosesə hazırlaşmağa başlayıblar. Məsələn, Quba, Qusar və Xaçmaz rayonları üzrə iki müşavirə keçirilib və bölgədə məşğulluğun artırılması barədə müzakirələr aparılıb. Real çıxış yollarından biri kimi bölgədə ailə hotelçiliyinə, yəni fərdi evlərin mehmanxana xidməti göstərməsinə dəstək verməyin vacibliyi vurğulanıb.
Göründüyü kimi, Azərbaycanda da bir sıra ölkələr kimi deurbanizasiya, yəni meqapolisdən əyalətlərə köç prosesi başlayıb. Bunun təzahürü ilk dəfə 1970-ci illərdə Londonda müşahidə edilib. 10 il ərzində şəhərin mərkəzində əhali sayı 10 faizə qədər (700 min nəfər – red.) azalıb və 1980-ci ildə 6,6 milyon nəfər təşkil edib. Ingilislər təbii və sosial mühiti pisləşən şəhərdən dəfələrlə çox köç ediblər, onların yerini isə III dünya ölkələrindən gedən miqrantlar tutub. Indi Londonun mərkəzində 4 milyona qədər mühacir yaşayır.
Eyni proses 2000-ci illərdə Braziliyanın ən iri şəhəri San-Pauluda da baş verib. Meqapolisdən əhali qərb əyalətlərinə köçməyə başlayıb.