Tarix : 2008 May 22
Kod 4801

GƏNCƏDƏ ÇÖRƏK KÖŞKLƏRİ YIĞIŞDIRILIR

Son iki gündə Gəncə şəhərində çörək qıtlığı yaranıb. Bu dəfə gəncəlilər çörəyin bahalaşmasından yox, ümumiyyətlə bu vacib qida məhsulunu tapmaqda ciddi çətinliklər çəkir
Azerbaijan Servisi/Aran Agentliyi
Dünən təkcə avtobus dayanacaqlarının yaxınlığında yerləşən 8 çörək köşkünün fəaliyyəti dayandırılıb .
Son iki gündə Gəncə şəhərində çörək qıtlığı yaranıb. Bu dəfə gəncəlilər çörəyin bahalaşmasından yox, ümumiyyətlə bu vacib qida məhsulunu tapmaqda ciddi çətinliklər çəkir. Gəncədəki mənbələrdən “GÜN səhər”ə daxil olan məlumatlara görə, belə bir şəraiti dövlət orqanları bilərəkdən yaradır.

   Mənbənin dediyinə görə, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi polis əməkdaşları ilə birgə mərkəzi küçələrdə yerləşən çörək satışı köklərinin yığışdırılması üçün xüsusi reydlər keçirir. Xüsusən dövlət əhəmiyyətli obyektlərin və istirahət parklarının ətrafında, gediş-gəlişin gur olduğu ərazilərdə çörək satışı qadağan olunur. Dünən isə şəhərin müxtəlif ərazilərində avtobus dayanacaqlarına yaxın yerlərdə 8 çörək köşkü götürülüb.


   Mənbə bildirir ki, yerli icra hakimiyyəti orqanları çörək köşklərinin yığışdırılmasını bu ticarət obyektlərinin sanitar gigiyenik qaydalara uyğun gəlməməsi ilə əlaqələndirirlər: “Polislər deyirlər ki, bu köşklərin fəaliyyəti müvəqqəti olaraq qapadılıb. Guya, həmin obyektlərin sahiblərinə sanitar qaydalara əməl etmək üçün vaxt verilib və köşklər onların dediyi standartlara uyğunlaşdırıldıqdan sonra fəaliyyət göstərəcək. Amma indiki vəziyyətdə çörək köşklərinin yığışdırılması başa düşülən deyil. Çünki camaata çörək lazımdır, sakinlər çörək almaq üçün şəhərin bir başından o biri başınadək gəzmək məcburiyyətindədir”.

   Gəncəliləri narahat edən əsas məsələ çörək köşklərində konkret hansı sanitar qüsurların olduğu barədə heç bir məlumatın verilməməsidir. Elə buna görə də onlar hesab edirlər ki, hökumət qurumlarının bu addımı qayda-qanun yaratmağa deyil, çörək biznesi ilə məşğul olanların maraqlarına xidmət edir. Mənbə deyir ki, son vaxtlar Gəncədə çörəyin qiymətinin yenidən qalxacağı barədə məlumatlar gəzir. Buna səbəb kimi Qazaxıstandan gətiriləcək taxılın maya dəyərinin yüksək olması göstərilir.  

   Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə aprelin 30-dan ölkəyə gətirilən un və düyü əlavə dəyər vergisindən azad edilir. Bundan başqa, idxal zamanı düyü və una gömrük rüsumu sıfır stavkası ilə tutulacaq. Hökumətdən bildiriblər ki, bu güzəştlər bir il qüvvədə olacaq. Amma Gəncədən gələn xəbərlər heç də yaxşı əlamət sayıla bilməz. Belə görünür ki, ölkə rəhbərliyi taxıl və çörək qıtlığının aradan qaldırılması üçün nə qədər yumşaldıcı qərarlar versə də, taxıl bazarında hansısa naməlum əl öz işini görməkdədir.
  • Yazılıb
  • da (də) 2008 May 22