Azərbaycan prezidentinin İran səfəri daha çox ticari-iqtisadi (energetik), mədəni və humanitar (tibb, dərman sahəsi) istiqamətlərdə ikitərəfli əlaqələri genişləndirmək əzminin nümayişi ilə yadda qala bilər.
AranNews- İrana qarşı beynəlxalq sanksiyalar ləğv olunduqdan sonra ilk dəfədir ki, Azərbaycanın dövlət başçısı bu ölkəyə səfərə yollanır.
Yaxın Şərqdə məzhəb müharibələrinin qızışdığı, Rusiya-Türkiyə arasında ziddiyyətlərin artdığı, qlobal enerji daşıyıcıları bazarında son zamanlar qeydə alınan ucuzlaşmanın neft hasilatçılarını çətin vəziyyətə saldığı, İrana qarşı sanksiyaların ləğv edildiyi bir zamanda bu səfərin baş tutması, sözsüz ki, bir çox baxımdan diqqətə şayandır.
İran-Azərbaycan ticari-iqtisadi münasibətlərində hər iki ölkə rəhbəri dünyada baş verən iqtisadi tənəzzül fonunda bu məsələdə daha proqmatik addımların tərəfdarı kimi görünürlər.
hər iki ölkə rəhbərinin qarşılıqlı gəlir vəd edən iqtisadi layihələrə həvəslə qol qoyacaqlarını əminliklə söyləmək olar.
Məlumdur ki, İran 10 illik sanksiyalardan sonra fəal şəkildə iqtisadiyyatın dirçəlməsi və əlavə gəlir mənbələrinin axtarışına başlayıb. Buna görə, daha çox əməkdaşlığa və xarici ölkələrlə inteqrasiyaya meyillidir. Təbii ki, neft qiymətlərinin aşağı düşməsi Azərbaycanın da gəlirlərini aşağı saldığına görə rəsmi Bakı qarşılıqlı faydalı biznes sahələrinin inkişafında maraqlıdır. Konkret olaraq burada söhbət Simal-Cənub nəqliyyat dəhlizinin işə düşməsindən gedir.
Sözsüz ki, İran və Azərbaycan mədəni və tarixi tellərlə bir-birinə sıx bağlı olan qonşu ölkələr kimi ikitərəfli iqtisadi-ticari, mədəni əlaqələri gücləndirməkdə qarşılıqlı şəkildə maraqlıdır.
Təsadüfi deyil ki, İlham Əliyev öz müsahibəsində müzakirə mövzusu kimi birinci olaraq dünyada və regionda baş verən hadisələri qeyd edib. Bu, Suriyada son dövrlər hökumət qüvvələrinin üstünlük əldə etməsi fonunda Əsəd tərəfdarları ilə ona qarşı çıxan beynəlxalq koalisiya arasında ziddiyyətlərin kəskinləşməsi, problemlə bağlı yaranmış Türkiyə-Rusiya qarşıdurması ehtimalı və Azərbaycanın mövqe nümayiş etdirməsi ehtiyacının yaxud tələbinin ortaya çıxması ilə bağlı ola bilər.
Rusiya ilə Turkiyənin münasibətlərinin hansı məcraya qədər kəskinləşəcəyi məlum deyil və burada ən bədbin proqnozların belə verilməsi mümükündür.
Söhbət ondan gedir ki, Türkiyə ilə Rusiya ordularının Suriya cəbhəsində qarşı-qarşıya gəlməsi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması və beynəlxalq xarakter alması mümkündür.
Məlum Ankara terroru ilə əlaqədar Ərdoğanın Bakı səfəri baş tutmasa da, xarici işlər naziri Mevlut Çavuşoğlunun Azərbaycana gəlişi göstərir ki, məsələ ətrafında iki ölkə arasında intensiv məsləhətləşmələr aparılır. Məhz belə bir məqamda, İranın Azərbaycanla bağlı sərgiləyəcəyi mövqe xüsusi əhəmiyyət daşıyır.
Bəşər Əsəd İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Rusiya ilə yanaşı, İranın ona hərbi dəstək verdiyini bildirməsinə baxmayaraq, Tehranın birmənalı şəkildə anti-Qərb, yaxud Rusiyayönümlü xarici siyasət güddüyünü bildirmək yanlışlıq olar. İran xarici siyasətində öz milli maraqlarını üstün tutaraq çoxtərəfli mürəkkəb kombinasiyalı gedişlərdən istifadə edir. Başqa sözlə desək İran hər bir region, yaxud sahədə öz maraqlarına uyğun mövqe sərgiləyir və hansısa beynəlxalq koalisiya ətrafında birmənalı qütbləşməyə meyilli deyildir.
Naxçıvan-iran mövzusu da prioritet təşkil edəcək: “İran heç zaman Naxçıvanı, Rusiya və Ermənistanın ayağına verməz. Rüsiya Dumasına çıxarılan “Qars” müqaviləsinə İran həssas yanaşır və Naxçıvanın təhlükəsizliyində İslam respublikasının maraqları çox güclüdür”.
İran heç zaman ikili standartlardan çıxış edən ABŞ və Qərb dövlətlərinin Azərbaycan sərhədlərinə yol açmasına imkan verməyəcək və bu baxımdan Azərbaycana yardımçı olacaq.
Odur ki, mümkün Rusiya-Türkiyə gərginliyi, bu gərginliyin Cənubi Qafqaza sirayəti məsələsində İranın tutacağı mövqe regionla bağlı hadisələrin inkişafı istiqamətinə təsir göstərəcək əsas faktordur. Bu mənada Azərbaycanla İranın mövqelərinin razılaşdırılması, yaxud Azərbaycanın Tehranın mövqeyini nəzərə alaraq yekun qərara gəlməsi mümkündür.
Söz yox ki, İran səfəri çərçivəsində öz təsirini getdikcə Azərbaycana daha güclü göstərməkdə olan Suriya böhranı ilə bağlı İran qonşu və şiə ölkəsi kimi Azərbaycandan daha aydın mövqe bildirməyi istəyəcək. Bakı isə bu məsələdə Türkiyənin mövqeyini bəlli səbəblərdən ciddiyə almaq zorundadır - İranla məzhəb birliyinə rəğmən.
Əlbəttə ki, Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri baş tutsaydı, Azərbaycan prezidenti Tehrana bir çox məsələlərlə, o cümlədən Suriya, regional təhlükəsizlik, energetik məsələlərlə bağlı daha cilalanmış, aydın və güclü mövqe ilə gedəcəkdi. Çünki İran son vaxtlar Yaxın Şərq (Suriya, İŞİD, terror, kürd) məsələləri ilə bağlı məhz Rusiya ilə sinxron hərəkət edir, qonşu Türkiyə və Qərbin, deməli, həm də Azərbaycanın maraqlarına zidd kurs yürüdür. O üzdən Tehranda bu və başqa mövzular ətrafında rəsmi tərəflərin sərgiləyəcəyi mövqe Moskva, Ankara, Vaşinqton və İrəvan üçün də yetərincə önəm kəsb edir.
İranın Türkiyə və Azərbaycanla deyil, Rusiya ilə sinxron hərəkət etdiyini İlham Əliyevin səfərindən cəmi bir gün öncə Rusiyanın müdafiə naziri Serqey Şoyqunun Tehrana səfər eləməsi və burada prezident Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqanla görüşməsi də təsdiq edir. Görüşlərdə hərbi-siyasi əməkdaşlıq məsələləri müzakirə olunub. Bundan bir neçə gün qabaq isə İranın müdafiə naziri Moskvada Putinlə danışıqlar aparmışdı.
Müdafiə nazirlərinin qarşılıqlı səfərləri şübhə yox ki, Suriya məsələsində Moskva və Tehranın mükəmməl işbirliyi və yeni planlar içərisində olması ilə yanaşı, region ölkələrinə, o cümlədən Azərbaycana mesaj, “əzələ nümayişi” təsiri bağışlayır.
Hazırda Türkiyənin Yaxın Şərq siyasətində tutduğu mövqenin hətta onun öz perspektiv məqsədləri üçün nə qədər rasional xətt olduğu mübahisəyə açıqdır. Uzaq müttəfiq olan, hər gün öz mövqeyini dəyişən, böyük ehtimalla şüurlu şəkildə ardıcıl siyasət yürütməyərək, regional qüvvələri üz-üzə gətirb zəiflədən və bununla da öz qlobal hegemoniyasını möhkəmlədən ABŞ-ın şirin vədlərinə uyaraq, Atatürk tərəfindən təməlləri atılan cümhuriyyətçilik prinsiplərindən getdikcə kənarlaşan AKP hökumətinin bəlkə də ən riskli hərəkəti yaxın qonşularla münasibəti korlamaq oldu.
Yəqin ki, rəsmi Ankara da yenidən regional dövlətlərlə münasibətlərdə əvvəlki “qonşularla sıfır problem” prinsipinə qayıdacaq, düçar olduğu bu çətin vəziyyətdən çıxa biləcək.
Bundan bir neçə gün əvvəl isə İran Şimali İraqda məskunlaşan PKK-nı hərəkətsizliyə dəvət etdi, əks halda bölgəni tam nəzarətə görtürmək potensialını xatırladaraq onları zərərsizləşdirə biləcəyi mesajını verdi. PKK-nın İrandan çox, Türkiyəni hədəfə götürdüyünü nəzərə alsaq, bu da əslində Ankaraya verilmiş xoş niyyət mesajı idi.
Maraqlıdır ki, Türkiyə də artıq Suriya məsələsində əvvəlki israrçılığından tədricən uzaqlaşır. Xüsusilə, ABŞ və Rusiyanın atəşkəs sazişi bağladığı bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyaya quru qoşunları yeritmək niyyətlərinin olmadığını ifadə edib.
Anlaşılan budur ki, Türkiyə də regional sülhün daha avantajlı olduğunun fərqindədir və bu, heç də təsadüfi deyil. Türkiyənin rəsmi açıqlamasına görə, bu ilin ilk iki ayının ixracatı ötən illə müqayisədə 40% zəifləyib. Əsas zəifləmə isə Rusiya və İraqla əlaqələrdə qeydə alınıb. Meyvə-tərəvəz ixracatında Türkiyənin ən böyük bazarı sayılan Rusiyaya göndərilən məhsullarda bu azalma 80%-ın üzərindədir. İraqla iqtisadi münasibətlərdə isə itki 60%-ə yaxınlaşır.
Məlumatlardan belə bəlli olur ki, tərəflər arasında 11 mühüm sənəd imzalanıb. Bu sənədlər iki qonşu dövlətin mədəni əlaqələrinin gücləndirilməsi, iqtisadi əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə fəaliyyət kimi mühüm sahələri əhatə edir.
İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani ilə görüş zamanı səsləndirdiyi aşağıdakı fikirlər də uzun zamandan bəri iki dövlət arasında o qədər də isti olmayan münasibətlərdə yeni dövrün başlanacağından xəbər verir: “Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb”.
Azərbaycan prezidentinin iki dövlət arasındakı əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsini qeyd etməsi bundan sonrakı münasibətlərin necə olacağı barədə kifayət qədər məlumatlar verir.
Prinsip etibarilə, həm İranın, həm də Azərbaycanın münasibətlərini bu səviyyəyə yüksəltməkdən başqa çarələri də yoxdur.
Tehran üçün Bakıyla münasibətlərin yaxşılaşdırılması bir zamanlar İrana qarşı qüvvələrin əlində ən ciddi silaha çevrilən “Cənubi Azərbaycan” məsələsinin təsir dairəsini xeyli daraltmaq deməkdir. Azərbaycan üçünsə bu yaxınlaşma həm regional sifariş, həm də Yaxın Şərqi cənginə alan məzhəblərarası savaşlardan sığortalanmaq imkanıdır.
Onu da nəzərə almaq lazımdır ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra Azərbaycanın ABŞ (Qərb) üçün geosiyasi və energetik önəmi azalıb. Bu önəm Bakının Tehranla energetik sahədə, öncəliklə də İranın nəhəng qaz ehtiyatlarının Avropa bazarlarına nəqlində, habelə TANAP layihəsinin reallaşmasında Tehranla əməkdaşlıq hesabına yeni məzmun qazana bilər. İranın özü də TANAP-a qoşulmaqda maraqlı olduğunu gizlətmir.
Doğrudur, geosiyasi və geostrateji məsələlərdə iki ölkə arasında prinsipial fikir ayrılıqları var. Bunlar əsasən, deyildiyi kimi, Ermənistana dəstək, Xəzərin hüquqi statusu mövzuları və Yaxın Şərq (Suriya) böhranlarıdır. Hər üç məsələ İranın uzaqgedən köklü maraqlarından qaynaqlandığı üçün onlarla bağlı Tehranın mövqeyində ciddi dəyişiklik gözlənilmir. Əksinə, böyük ehtimalla, Tehran Bakıdan konkret olaraq İslam Koalisiyasına qoşulmamağı xahiş edə bilər - hansı koalisiya ki, İran və Rusiya əleyhinə qurum hesab edilir.
Sirr deyil ki, bu gün Azərbaycan Yaxın Şərqdə eyni cəbhədə yer alan Rusiya və İranın arasında yerləşir. Dünyanın yenidən qütbləşməsinin mərkəz xətti də məhz bu coğrafiyadan başlayır. Ötən əsrdən fərqli olaraq, geosiyasi qütbləşmənin ideoloji bazası da artıq Qərbə məxsus ideyalar deyil, İslam mərkəzli məzhəbçı anlayışlardır.
Azərbaycanin həm coğrafi məkan olaraq qlobal qütbləşmənin qırılma nöqtəsinə yaxınlığı, həm də mənən İslam mədəniyyətinə aid olması gərilən bu münasibətlər sistemində tərəfsiz qalmağın çətinləşdirir.
Azərbaycan istər istəməz ya təkfirçi anlayışla silahlanan ideoloji axınların, ya da tarixən eyni mədəniyyəti paylaşdığımız ölkələrin yanında olmalıdi.
Kəskin qütbləşmənin yaşandığı indiki dövrdə Azərbaycanın Rusiya və İran arasında “yaşıl ada” olmaq imkanları yox dərəcəsindədir. Əks halda, həm şimaldan, həm də cənubdan ciddi təzyiqlərlə üzləşə və bir çox dəyərlərini itirə bilər.
Azərbaycanin bu qədər həssas dövründə siyasi iradəsinin İranla yaxınlaşması məcburi olduğu qədər də ən rasional seçimdir.
İlham Əliyevin iranlı həmkarıyla görüşdə səsləndirdiyi bəzi fikirlər qütbləşmiş İslam dünyasında Azərbaycanın məcburi seçim haqqını İranın xeyrinə etdiyini təsdiqləyir: “Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzalkirə edildi. Azərbaycan razılaşdı ki, beynəlxalq terrorizmə qarşı birgə səylərini daha da gücləndirsin”.
Əslində rəsmi Bakı bu qütb seçimini İlham Əliyevin İrana səfərindən xeyli əvvəl etmişdi. Bir çoxlarımız ciddi əks-reaksiya ilə qarşılasaq da, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov avstriyalı jurnalistə verdiyi müsahibəylə rəsmi Bakının mövqeyini ortaya qoymuş, Suriya məsələsində İran və Rusiyanın yanında dayandığını göstərmişdi. Prinsipcə, İran prezidenti Həsən Ruhaninin görüşdən sonra jurnalistlərə verdiyi məlumatlar da irəli sürdüyümüz ehtimalı qüvvətləndirir.
Mümkündür ki, Azərbaycan yenidən öz məcrasına qayıdacaq olan bu münasibətlər sistemində körpü rolunu oynasın. Nədən ki, bu coğrafiyanın daimi sakinlərindən heç biri hər kəsi zəiflədən və özgələrin işinə yarayan münaqişənin davam etdirilməsində maraqlı deyillər və belə görünür, hər kəs münasibətləri yenidən tənzimləyən ortaq maraqlar və dostlar axtarışındadır. Kim bilir, bəlkə də İranla münasibətləri srtateji tərəfdaşlıq həddinə yüksəldən, Rusiya ilə də yaxın əlaqələri olan Azərbaycan bu xoşniyyətin əsil bəhanəsinə çevriləcək.
Bütövlükdə götürdükdə Azərbaycan prezidentinin İran səfəri daha çox ticari-iqtisadi (energetik), mədəni və humanitar (tibb, dərman sahəsi) istiqamətlərdə ikitərəfli əlaqələri genişləndirmək əzminin nümayişi ilə yadda qala bilər. Geosiyasi məsələlərdə isə Bakı və Tehranın mövqeləri “mehriban rəqiblər” kmi, ciddi dəyişikliklərə uğramayacaq.