Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AranNews- Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Konsulluqdan verilən məlumata görə, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Xocalı soyqırımının təcavüzkar Ermənistan dövləti tərəfindən xüsusi amansızlıq və qəddarlıqla törədilmiş bir qətliam, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu bildirib.Baş konsul ermənilərin tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyaları əsasında Azərbaycanla yanaşı, Urmiya, Maku, Xoy, Səlmas şəhərlərində, Türkiyənin bir sıra vilayətlərində və digər dövlətlərdə böyük qətliamlar, terror hadisələri həyata keçirdiyini, bu qətliamlara vaxtında siyasi-hüquqi qiymətin verilməməsinin, səbəbkarlarının cəzalandırılmamasının ermənilərin əl qolunu açdığını, müasir dövrdə terrorlara, Xocalı soyqırımı kimi qətliamların həyata keçirilməsinə səbəb olduğunu qeyd edib.İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Əhməd Məhəmmədzadə isə İran və Azərbaycanın tarix boyunca heç bir ölkəyə hücum etmədiyini vurğulayıb.Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. Həmçinin mərasim iştirakçılarına Xocalı faciəsinə dair CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid foto-stendə baxıblar, sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar. Mərasimdə İranın Şərqi Azərbaycan valiliyinin rəsmiləri, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.