Ermənilər açıq şəkildə etiraf edirlər ki, Fars körfəzi ilə Qara dənizi biləşdirəcək nəqliyyat dəhlizinin yaradılması məsələsində Azərbaycan onları qabaqlayıb.
AranNews- İlham Əliyevin İrana son səfərinin yekunları yalnız ikitərəfli əlaqələr prizmasından deyil, eyni zamanda bütün Cənubi Qafqaz regionu ölkələrinin İranla münasibətlərinin perspektivi baxımından çox mühüm hadisə oldu.
Çox böyük iqtisadi potensiala malik İranla qarşılıqlı-faydalı əlaqələr qurulması, iqtisadi sahədə işbirliyinin möhkəmləndirilməsi Bakı, Tbilisi və Yerevan üçün indi çox aktualdır.
İlham Əliyevin İrana səfəri Azərbaycanın zamanında daha düzgün addımlar ataraq Tehranla iqtisadi əməkdaşlığın genişləndirilməsində irəli çıxdığını nümayiş etdirdi. Bu mərhələdə Bakı üçün Fars körfəzi ilə Qara dənizi birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan üzərindən keçməsinə nail olmaq əsas prioritetlərdən biri idi. Bu məsələ yalnız iqtisadi xarakter daşımırdı – söhbət Ermənistanın tezliklə izolyasiyadan çıxmaq planlarının üstündən xətt çəkilməsi və Gürcüstanın Azərbaycanın tranzit daşımaları planlarına daha sıx bağlanmasından gedirdi.
İlham Əliyevin İrana səfəri zamanı səslənən bəyanatlar, imzalanmış sazişər bu mərhələdə Bakının “ev tapşırığı”nı tam yerinə yetirdiyini əminliklə söyləməyə imkan verir.
Bakının bu uğuru isə Ermənistan üçün daha bir zərbə oldu. Təsadüfi deyil ki, İlham Əliyevin İran səfərinin yekunları Azərbaycan qədər Ermənistanda da geniş müzakirə olunur.
Ermənilər niyə narahat olub?
Üç gün əvvəl Ermənistan parlamentində “Hökumət saatı”nda çıxış edən energetika naziri Ervand Zaxaryan bildirib ki, İran Ermənistanla dəmir yolu tikintisi layihəsindən imtina etməyib. O, deputatların bu məsələ ilə bağlı suallarını cavablandıraraq deyib ki, İran bir ay əvvəl imzaldığı memorandumdan imtina etməz.
Ermənistan parlamentində bu məsələnin müzakirəsi təsadüfi deyil, çünki “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”nin imzalanması ermənilərin Tehranla bağlı ümidlərini puça çıxarıb.
Iran-demir-yol-sazishi
Xatırladaq ki, bu il yanvarın 20-də Ermənistan nəqliyyat nazirinin İran səfəri zamanı Ermənistan-İran dəmir yolunun çəkilməsi ilə bağlı memorandum imzalanmışdı. Memoranduma görə, bu dəmir yolunun 6 ilə tikiləcəyi və 3.5 milyard dollara başa gələcəyi nəzərdə tutulurdu. Bu yaxınlarda iranlı mütəxəsislərin də bu layihə ilə bağlı müzakirələr aparmaq üçün Ermənistana gələcəyi gözlənilir. Yerevan iranlılara iki ölkəni birləşdirən yeni dəmir yolu marşrutu təqdim edib. Əvvəlki Mehri-Vayoçdzor-Sevan marşrutu əvəzinə, Меhri-Vаyoçdzor-Ersax marşrutu təqdim olunub.
Qeyd edək ki, İran Ermənistnla yalnız niyyət protokolu imzalayıb və bu sənəd müzakirələri nəzərdə tutsa da, konkret öhdəliklər müəyyən etmir.
Ermənilərin Меhri-Vаyoçdzor-Ersax dəmir yolu xəttinin çəkilməsi ilə planlar quruduğu bir vaxtda Azərbaycan-İran dəmir yolları şəbəkəsinin birləşdirilməsi istiqamətində konkret addım atılması və müqavilə imzalanması Yerevanda çox narahatlıqla qarşılanıb.
Ermənistan ekspertləri və KİV-i bunu “Fars körfəzi uğrunda mübarizədə Serj Sərkisyanın məğlub olması” kimi qiymətləndirirlər. 1in.am saytı bununla bağlı məqaləsini “İran–Azərbaycan: “Sərkisyanın qatarı İrandan yan keçdi” sərlöhvəsi ilə verib.
Prezident İlham Əliyevin səfərindən bir neçə gün əvvəl, 19 fevralda Serj Sərkisyan nazirləri və İrandakı səfirinin iştirakı ilə müşavirə keçirmişdi. S.Sərkiysan səfir Tumanyandan Ermənistanın Qara dənizlə Fars körfəzini birləşdirmək planlarının perspektivi barədə fikirlərini söyləməsini xahiş etmişdi. O, Ermənistanın İranla Gürcüstan sərhəddini birləşdirən avtobana milyonlarla dollar xərclədiyini xatırlatmış və “Biz, həmçinin dəmir yolunun çəkilməsi üçün vəsait axtarırırıq. Amma mən başa düşmək istərdim İranın mövqeyi necədir?” – sualını vermişdi.
Səfir isə qeyd etmişdi ki, İran rəsmi şəkildə özünün “4 dəhliz” siyasətini elan edib. Onlardan biri isə Ermənistandan keçir.
Səfir hansı dəhlizlərdən söhbət getdiyinə aydınlıq gətirməsə də, böyük ehtimalla dəmir yolu xətti ilə fiaskodan sonra ermənilər İrandan keçən, Avropaya və Rusiyaya istiqamətlənən yükləri avtomobil nəqliyyatı ilə Ermənistana Erasxa qədər daşımaq planının gerçəkləşməsinə ümid bəsləyirlər. Ermənilərin planına görə, buradan yüklər dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına daşınacaq.
Ermənilər açıq şəkildə etiraf edirlər ki, Fars körfəzi ilə Qara dənizi biləşdirəcək nəqliyyat dəhlizinin yaradılması məsələsində Azərbaycan onları qabaqlayıb.
Məhz Azərbaycanın və «Azərbaycan Dəmir Yolları» QSC-nin fəal təşviqi ilə İran üçün əlverişli təkliflər irəli sürülüb. Bundan sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycandan İran ərazisinə dəmir yolunun çəkilməsi gündəliyə gəlib və reallaşması üçün konkret addımlar atılıb. Bununla, Azərbaycan Qəzvin -Rəşt – Astara dəmir yolu xəttinin çəkilməsinin tamamlanmasından əvvəl İrandan dəmir yolu vasitəsilə tranzit daşımaları həyata keçirmək imkanı qazanıb.
Yerevan yenə izolyasiyada qalacaq
İlham Əliyevin İran səfərinin yekunları Ermənistanın İrandan yararlanaraq tezliklə izolyasiyadan çıxmaq planlarının real olmadığını da göstərdi.
Çünki ermənilərin İrandan keçən, Avropaya və Rusiyaya istiqamətlənən yükləri avtomobil nəqliyyatı ilə ölkə ərazisindən Gürcüstanın Qara dəniz limanlarına daşımaq planları da tezliklə baş tutan deyil. Bu haqda bir dəfə yazmışdıq, yenə xatırladaq ki, Ermənilərin İran üzərindən keçən yüklərin avtomobillə Erasxa daşınması və oradan da dəmir yolu ilə Qara dəniz limanlarına çatdırılması layihələri hələ ki, xülyadır. Nəzərə almaq lazımdır ki, bu marşrutda yol hələ çəkilməlidir. İran ərazisindən yüklər çox böyük məsafə qət etməklə Erasxa avtomobillə çatdırılmalıdır. Bunun üçün də heç bir infrastruktur, anbarlar, tariflərin razılaşdırılması həyata keçirlməyib.
Mehridən Fars körfəzindəki Bəndər-Mahşəhr limanına avtomobil yolu ilə, təxminən, 1700 km, Bəndər-Abbas limanına isə, təxminən, 2400 km məsafə var. Yüklər, demək olar ki, bütün İran ərazisindən keçməlidir. Mehridən Erasxa qədər isə dağlardan keçən, təxminən, 300 km avtomobil yolu qət olunmalıdır. Bu yüklərin çeşidlənməsi, saxlanması, qatarlara yüklənməsi üçün anbarlar və zəruri infrastruktur da yoxdur. Bu baxımdan, bu variant da real görünmür.
Azərbaycan prezidentinin səfəri zamanı Tehranda səslənən açıqlamalar deməyə əsas verir ki, Cənubi-Şərqi Asiyadan gələn yüklərin, həmçinin İranın öz yüklərinin Azərbaycan üzərindən, Azərbaycan dəmir yolları ilə daşınması Tehran üçün prioritetdir. İran Astarasında çox böyük yük anbarı tikilir. Bəndər-Abbas – Poti marşrutunun reallaşmasına Tehran çox böyük maraq göstərir. Bütün bunların fonunda Tehranın ermənilərə yalnız təsəlli verdiyini söyləmək olar…