Musa Qasımlı: Dəmiryollarının birləşdirilməsi post-neft dövrünə qədəm qoyan Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcək və yüksək gəlirlər gətirəcək.
AranNews- Azərbaycan prezidenti, İlham Əliyevin İrana səfəri kifayət qədər uğurlu olub. Bunu ilk öncə iqtisadi-ticari, energetik-kommunikasiya, humanitar sahələr üzrə iki ölkə arasında imzalanmış 11 sənəd təsdiqləyir. İranla Azərbaycan arasında indiyədək bir dəfəyə bu qədər sayda anlaşma imzalanmayıb. Şimal-cənub nəqliyyat dəhlizinin ilin sonunadək işə salınması üçün iki ölkə dəmiryollarının birləşdirilməsi və Xəzərin neft-qaz ehtiyatlarının istismarı sahəsində ortaq energetik əməkdaşlığa dair imzalanan protokollar xüsusilə böyük önəm kəsb edir. İki ölkə arasında imzalanan bütün sənədlər yüksək qiymətləndirilsə də, İran-Azərbaycan dəmiryollarının birləşdirilməsinə dair əldə olunan razılıq böyük maraqla qarşılanıb.
Bəs iki ölkənin dəmiryollarının birləşdirilməsi Azərbaycana nə vəd edir və bu lahiyənin gələcək perspektivləri nədən ibarətdir?.
Milli Məclisin deputatı Musa Qasımlı, bildirib ki, prezidentin İrana səfəri yüksək qiymətləndirilir. İran və Azərbaycan aparıcı dövlətlərdir və hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsi bütövlükdə regionda əməkdaşlığa, sülhün bərqərar olmasına təkan verəcək.
Musa Qasımlının fikrincə dəmiryollarının birləşdirilməsi təkcə İran və Azərbaycana divindent gətirməyəcək. Bütövlükdə Cənub və Şimal arasında dəhliz rolu oynayacaq. Belə ki, cənubdan daşınan yüklərin Rusiyaya və Avropaya aparılması təmin ediləcək. Azərbaycan və İran isə bundan tranzit, ölkə kimi istifadə edəcək.
Musa Qasımlı qeyd edib ki, yeni dəmir yolunun çəkilişi böyük tarixi hadisəyə çevriləcək:” Cənubi və şərqi Asiya ölkələrinin Avropaya çıxışı məhz bu dəmir yolu vasitəsilə həyata keçiriləcək. Avropanın şimalından bütün yüklərin Azərbaycandan və İrandan keçərək, Hindistana, Koreyaya, Çinə, gəmilər vasitəsi ilə hətta Avstraliyaya, Malayziyaya, İndoneziyaya daşınması təmin ediləcək. Bu layihə həm də post-neft dövrünə qədəm qoyan Azərbaycanın iqtisadi inkişafına da böyük töhfə verəcək və yüksək gəlirlər gətirəcək.