Əgər Ayətullahlar Azərbaycanda çevriliş hazırlayırsa, Hacı Taleni bu məqsədlə istifadə edirlərsə, Ilham Əliyevin Ali dini liderinə mədhiyyə söyləməsini necə qiymətləndirək?
AranNews- Ölkə başçısı Ilham Əliyev Iranda Ayətullah Xamenei ağa ilə görüşüb. Görüş zamanı müxtəlif məsələlər müzakirə olunub, Azərbaycan-Iran münasibətlərinin önəmindən danışılıb. “Iran dünyada sülh və əminamanlığın təminatı üçün çox böyük rol oynayır. Biz Iranın təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Hər iki ölkəyə olan təhdidlər eyni mərkəzdən qaynaqlanır. Bu səfərdə Iranla əməkdaşlıq çərçivəsində terrora qarşı mübarizə və bununla sülh və sabitliyin təminatı üçün razılığa gəldik. Bölgədə sizin kimi bir şəxsiyyətin varlığı bizə böyük güc və enerji verir”- deyə Ilham Əliyev bildirib.
Göründüyü kimi ölkə başçısı, Ayətullah Xamenei ağani bölgənin güc və enerji mənbəyi kimi qiymətləndirir və böyük şəxsiyyət kimi təqdim edir.
bu yazının əsas məqsədi tam başqadır. Məsələ burasındadır ki, bir müddət əvvəl Hacı Tale Bağırzadə Iranın agenti kimi damğalandı, terrorçu kimi qələmə verildi və qondarma ittihamlarla həbs olundu. Tale Bağırzadənin Ayətullah Həmədaninin əlini öpməsi isə hökumətin əsas arqumentinə çevrildi. Telekanallar bu görüntüləri tez-tez yayımladı, hökumət mətbuatı bu fotoların fonunda təbliğat qurdu. Yəni, belə bir fikir formalaşdırdılar ki, Tale Bağırzadə ekstremist qüvvələrin əlaltısıdır, ölkədə çevriliş etmək istəyir, ermənipərəst dini liderlə işbirliyindədir və s.
Təbii ki, Tale Bağırzadə də öz növbəsində bildirdi ki, Həmədani əslən Azərbyacandandır, dünyada dini liderlərin əlindən öpmək ənənəsi var və o da din alimi kimi Həmədaninin əlindən öpüb. Eyni zamanda bildirmişdi ki, Ayətullah Həmədanini Azərbaycana Allahşükür Paşazadə dəvət edib. O zaman sual meydana çıxırdı ki, bu adam Azərbaycanın düşmənidirsə, ekstremist qüvvədirsə, niyə ölkəyə dəvət edilir?
Bütün bunları ona görə xatırlatdıq ki, hökumətin növbəti ifşasını açıq şəkildə göstərə bilək. Tale Bağırzadə hansısa ayətullahın əlini öpüb, Ilham Əliyev isə Ayətullah Xamenei ağani güc və enerji mənbəyi hesab edir. Tale Bağırzadə onuncu dərəcəli din xadiminə hörmətini ifadə edəndə “Iranın agenti” adlanır, amma Ilham Əliyev Ayətullah Xamenei ağani böyük şəxsiyyət kimi qiymətləndirəndə bu müsbət hal sayılır.
Əgər Ayətullahlar Azərbaycanda çevriliş hazırlayırsa, Hacı Taleni bu məqsədlə istifadə edirlərsə, Ilham Əliyevin Iranın Ali dini liderinə mədhiyyə söyləməsini necə qiymətləndirək?
Hökumətin nə qədər riyakar, qeyri-səmimi olduğu bir daha ortaya çıxır. Təsdiqlənir ki, Hacı Taleni Iranın agenti olduğuna görə yox, hökuməti tənqid etdiyinə görə həbs ediblər. Eyni zamanda hökumətin şər təbliğatı bumeranq effekti verir. Çünki, Hacı Talehə qarşı istifadə etdikləri arqumentlər, indi özlərinə qarşı yönəlib. Bir daha sual edirik, əgər Iran təhlküəsizliyin qarantı, bölgənin enerji mənbəyidirsə və Ilham Əliyev, Ayətullah Xamenei ağani böyük şəxsiyyət hesab edirsə, o zaman Tale Bağırzadə niyə həbsdədir?
Ölkə başçısı Irana münasibətdə bu qədər səmimdirsə, “Iranpərəst”, “Iranın agenti” kimi həbsə atdığı adamların hamısını azad etməlidir.