Qurumda Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası təmsil ediləcək.
AranNews- Azərbaycanda Maliyyə Sabitliyi Komitəsinin yaradılması planlaşdırılır. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.
O deyib ki, Maliyyə Sabitliyi Komitəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq. “Bununla bağlı memorandumun imzalanması nəzərdə tutulur və bu sənəd də imzalanmaq üçün razılaşdırılıb”.
"Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Nəzərə alsaq ki, bu funksiyalar üç orqandan yeni yaradılacaq orqana keçəcək, buna görə də təklif olunmuş qanunvericilik zərfində məhz bu funksiyaların yeni quruma keçirilməsi üçün əlavə dəyişikliklər nəzərdə tutulub".
O qeyd edib ki, Azərbaycanda bir neçə maliyyə alətindən istifadə edərək problemli bazar resurslarının sağlamlaşdırılması ilə bağlı işlər görüləcək. Bura stress-testlər və s. daxildir.
Bir müddət öncə prezidentin sərəncamı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasından da danışan. R.Aslanlı deyib ki, qurumun yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır.
"Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq". Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə vasitədən istifadə edəcək.
Parlamentin bugünki iclasında Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası da Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik qəbul edilib. Əvvəl bu məsələyə Gənclər və idman Nazirliyi nəzarət edirdi.
Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.