Valeri Balayan, öldürülən Xocalı sakinlərinin cəsədlərinin benzin qarşlığında Azərbaycan tərəfinə təhvil verildiyini etiraf edib.
AranNews- 1992-ci il fevralın 13-də Malıbəyli kəndinin işğal əməliyyatına rəhbərlik etmiş Balayan 26 fevral gecəsi Xocalıya hücumda da aktiv iştirak edib.
o, 1992-ci ildə separatçı "Dağlıq Qarabağ Respublikası parlamentinin müdafiə komitəsinin sədri" səlahiyyətlərini də icra edib.
Balayan Xocalıya hücumun 24 fevralda planlaşdırıldığını, lakin güclü qar yağması səbəbindən bunun iki gün təxirə salındığını deyib.
"Əvvəlcə biz əməliyyatı fevralın 24-ü gecəyə planlaşdırmışdıq. Lakin qar yağdı və plan təxirə salındı. Fevralın 23-ü axşam azərbaycanlılar Şuşadan Xankəndinə güclü raket zərbələri endirərək, əməliyyatın hazırlanması barədə xəbərlərinin olduğunu göstərdilər.
Mən Xocalıda bizimlə sona qədər atışan hərbi dəstələrdən birinə ehtiramımı bildirmək istəyirəm - onlar evlərdən birinə sığınaraq bütün günü və gecəni bizimlə atışdılar və sonra döyüşə-döyüşə qəsəbədən çıxdılar".
Valeri Balayan öldürülən Xocalı sakinlərinin cəsədlərinin benzin qarşlığında Azərbaycan tərəfinə təhvil verildiyini də etiraf edib.
"İstənilən müharibə zamanı dinc sakinlər həlak olur. Bəli, biz tez-tez cəsədləri benizlə dəyişirdik. Nə olsun ki? Bu amansız müharibə idi, nəqliyyat blokadası, qış və soyuq... Qarabağ erməniləri yanacağa ciddi ehtiyac duyurudular".
Amma Valeri Balayan Xocalıda çoxlu dinc sakini qətlə yetirdiklərini boynuna almayaraq, deyib ki, guya orada az sayda mülki şəxs öldürülüb:
"Ölənlər, əsasən, hərbçilər idi. Məhz onların cəsədlərini benzin qarşlığında qaytarırdıq".
Balayan iki istiqamətdə humanitar dəhlizin olduğunu deyib.
"İki dəhliz var idi: birincisi Əsgəranla Naxçivanik kəndi arasında, ikinci yol isə Abdal və Gülablı kəndləri istiqamətində idi. İkinci yolla gedənlər sakit və maneəsiz əks tərəfə keçə biliblər. Birinci yolla gedənlər isə nəyəsə görə yolda güllələniblər. Bunu kimin törətməsi barədə çox ehtimal söyləmək olar, ola bilsin bizim tərəfdən olan qansızlar törədib. Əslində, heç kim orada nəyin baş verdiyini əminliklə deyə bilməz".