Moskvanın, İrana zərbəsi bütün böyük dövlətlər kimi, Yaxın Şərqdə bir-birinin qanına susayan müsəlman ölkələri arasındakı konfliktlərdən faydalanmağa izah oluna bilər.
AranNews- Moskvanın bu addımının səbəbi İsraildən gələn basqılardır. Bildirilir ki, sionist rejim Rusiyanın İrana satacağı S-300 raketlərinin Livan Hizbullahının əlinə keçəcəyindən narahatdır və Moskvaya “bu sevdadan geri çəkilməsi” üçün təzyiq göstərir.
bu narahatlıq İsrail Baş naziri Benjamin Netanyahunun bir müddət əvvəl verdiyi açıqlamada da öz əksini tapmışdı.
“İranın Suriya üzərindən Livan Hizbullahına müasir silahlar göndərməsinə razı ola bilmərik. Kolan təpələrində İsrailə qarşı ikinci bir terror cəbhəsi açılmasını da qəbul etmirik. Bunlar İsrailin qırmızı xətləridir və bu cür də davam edəcək”. Netanyahu bildirib.
Xatırlatmaliyiq ki, Rusiya hələ 2007-ci ildə İranla 800 milyon dollar dəyərində S-300 raket sistemi satmaq barədə saziş imzalamış, ABŞ və İsraildən gələn basqılardan sonra 2010-ci ildə müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmişdi. Ötən il “altılıqlar”ın İranla bağladığı nüvə sazişinin ardından Moskva yenidən S-300 hava müdafiə sistemlərini İrana təhvil verəcəyini bildirmiş və bu qərar İsrail tərəfindən sərt reaksiyayla qarşılanmışdı. İndisə görünən budur ki, Kreml daha artıq beynəlxalq basqılara məruz qalmamaq üçün və ya onlardan müəyyən güzəştlər qopardıqdan sonra yenidən geri çəkilməli olub.
Moskvanın, faktiki olaraq, İrana zərbəsi kimi qiymətləndirilə biləcək bu addımının başlıca səbəblərindən biri onun Yaxın Şərq strategiyası ilə izah oluna bilər. Ümumiyyətlə, bütün böyük dövlətlər kimi, şimal qonşumuz da Yaxın Şərqdə bir-birinin qanına susayan müsəlman ölkələri arasındakı konfliktlərdən faydalanmağa çalışır.
O, xüsusilə İranla bağlanan nüvə sazişi zamanı canfəşanlıq göstərmiş və Rusiyanın bu mövqeyi bir çox analitiklər tərəfindən anlaşılmaz olaraq qarşılanmışdı. Nədən ki, İranın Qərblə yaxın münasibətindən ən çox zərər görən Rusiya olacaqdı: Moskva məlum sazişlə İran-Qərb yaxınlaşmasının yolunu açmaqla, faktiki olaraq, ən yaxın müttəfiqini itirirdi. Daha sonra Bəşər Əsəd rejiminin müdafiəsində İranla eyni mövqedə dayanan Moskvanın indi birdən-birə ona “S-300 zərbəsi” də xeyli təəccüblü görünür.
Yaxın Şərqdə ortaya çıxan yeni geopolitik vəziyyətə diqqətlə nəzər salanda isə Moskvanın ilk baxışdan müəmmalı görünən bu addımlarının səbəbi aydın olur.
Belə təəssürat yaranır ki, Rusiya nüvə razılaşmasından sonra ABŞ ilə Səudiyyə Ərəbistanı və digər fars körfəz ölkələri arasında yaranan güvənsizlik ortamından öz xeyrinə istifadə edir və bölgədə nüfuzunu artırır. Hizbullahın əlinə keçə biləcəyi bəhanəsilə S-300 raketlərini İrana satmaqdan imtina etməsi də, nüvə sazişinin bağlanmasında göstərdiyi səylər də nə qədər bir-birinə zidd addım təəssüratı yaratsa belə, məhz bu siyasətə qulluq edir.
Daha aydın dillə desək, Rusiya, faktiki olaraq, bu zamana qədər İranın əlini gücləndirməklə ərəb ölkələrini çarəsiz vəziyyətə salır və onları sığındıqları Qərbin qoltuğundan ayırıb öz tərəfinə çəkirdi. Məqsədinə nail olduqdan sonra isə özünə pənah gətirən yeni qüvvələrin xeyrinə İranı silahlandırmaq vaz keçməli oldu. Hər halda Rusiyanın İrana S-300 silahı satmaqdan vaz keçməsi İsraildən çox, fars Körfəz Əməkdaşlıq Şurası (KİK) üzvlərinə sərf edir. Çünki İran İsrail üçün uzaq, fars körfəz ölkələri üçün isə yaxın hədəfdir. S-300-lər isə 300 km. mənzilli silah olduğundan yaxın hədəflər üçün təhlükəlidir. Deməli, Rusiyanın bu “hədiyyəsi” də İsrailə yox, ərəb ölkələrinədir.
Əslində Rusiyanın zəngin ərəb dövlətlərini öz himayəsi altına almaq cəhdi yeni başlamayıb. Ötən il nüvə sazişindən dərhal sonra Moskvaya səfər edən Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla Putin arasında keçirilən görüşlərdə bir çox iqtisadi əməkdaşlıq müqavilələrinə imza atılmışdı. Bunun ardınca Səudiyyə kralı Salman bin Əbdüləziz tərəfindən də imzalanan bənzər müqavilələr çərçivəsində rəsmi Riyad rus iqtisadiyyatına 10 milyard dollarlıq investisiya yatırmağa boyun olmuş, Rusiya isə bu ölkədə metro, dəmir yolları və sairə kimi böyük tikinti layihələri həyata keçirmək şansı qazanmışdı. İstər bu, istərsə də digər hallarda bu görüşlərdən qazanclı ayrılan tərəfin Rusiya olduğu açıq-aydın ortadadır.
İki dövlət arasında bağlanan ən önəmli saziş Səudiyyə Ərəbistanında 16 atom elektirik stansıyasının inşası ilə bağlıdır. Müqavilələrə əsasən, stansiyaların inşası rus firmalarına həvalə edilir və iqtisadi cəhətdən özünün ən kritik dövrünü yaşayan Rusiya bu layihələrdən milyardlarla pul qazanırdı.
Elə bu səbəbdən də Putinlə Səudiyyə kralı görüşəndə rəsmi Riyadın bu addımı öz əzəli müttəfiqi ABŞ-ın cizgisindən uzaqlaşması kimi qəbul edilmiş və bölgənin rus təsir dairəsinə verildiyi barədə versiyaların səsləndirilməsinə səbəb olmuşdu.
Prinsip etibarilə, Səudiyyə Ərəbistanının müttəfiqlikdənkənar addımları artıq ABŞ üçün də çox önəmli deyil. Mütəxəssislərin fikrinə görə, bir tərəfdən ABŞ-ın şist qazı istehsalı metodologiyasını inkişaf etdirməsi, digər tərəfdən isə alternativ enerji mənbələrinə yönəlməsi onun Yaxın Şərqin təbii sərvətlərindən asılılığını azaltmışdı. Çünki super güc, öz strateji hədəflərini Yaxın Şərqdən Uzaq Şərqə daşımışdı. Xüsusilə, Sakit okean bölgəsi Vaşinqton üçün daha cazibədar hala gəlmişdi.
Bu bölgədə isə ABŞ-ı Çinlə ağır rəqabət gözləyir. Çin də Rusiya ilə bərabər hərəkət etdiyindən, birgə Şanxay Əməkdaşlıq Şurası, BRİCS kimi nəhəng ittifaqlar yaratdığından o qədər də asan dişlə sıxılacaq qüvvə deyil. Sözsüz ki, Rusiyanın başının Yaxın Şərq konfliktləriylə qatılması və bu bölgədə ona iqtisadi yüksəlişi üçün gözəl fürsətlərin verilməsi Moskvanı Pekindən ayıra, Çini yeni geopolitik mübarizədə daha zəif hala gətirə bilər.
Digər tərəfdən, ABŞ-dan boşalan yerin Rusiya tərəfindən doldurulması da hər iki qüvvənin xeyrinədir. Əks halda boşluğu Almaniya, Fransa kimi ciddi sənaye gücünə malik dövlətlər doldurar ki, bu da yaxın gələcəkdə ABŞ-ın güclü iqtisadi potensiala sahib rəqibinin yaranması deməkdir. Bəlkə də bu səbəbdən, Vaşintqon öz postunu Avropa ilə daima rəqabətdə olacaq, həm özünü, həm də rəqibini zəiflədəcək Rusiyaya verilməsini daha münasib bilir.
Nüvə sazişindən sonra fars körfəz ölkələriylə iqtisadi əməkdaşlıqların artırılması və Rusiyanın birdən-birə Suriyaya hərbi müdaxiləsi də bu mənada başadüşüləndir. Görünür, Moskva ona edilən hədiyyəni qəbul etmiş və ondan maksimum divident əldə etməyə çalışır.
Bu zamana qədər Moskvanın Yaxın Şərqdə İran-Suriya-İraq –Hizbullah cizgisində dayanmasına baxmayaraq, Putinin elan etdiyi atəşkəslə bağlı ilk əvvəl onu deyil, Səudiyyə Ərəbistanını məlumatlandırması və kralın bu addımı atan Rusiyanın yanında yer aldığını açıq-aşkar bəyan etməsi yaxın perspektivdə müttəfiqlərin yer dəyişə biləcəyindən xəbər verirdi. Maraqlıdır ki, ABŞ dövlət katibi Con Kerri tərəfindən bir müddət əvvəl dilə gətirilən “B planı” məsələsində də köhnə müttəfiqlər və rəqiblər arasında ziddiyyətli münasibətlər ortaya çıxmışdı. İndiyə qədər İran bu planla bağlı öz mövqeyini açıqlamasa da, onun müttəfiqi Rusiya Suriyanın federallaşdırıla biləcəyi fikrini dəstəkləyib. Regional dövlət arasında “B planı”na ilk dəstəyi verən Səudiyyə Ərəbistanı isə qardaş Türkiyənin əm yaxın müttəfiqidir. Halbuki, Suriyanın parçalanmasından ən çox əziyyət çəkən ölkələrdən biri Türkiyə olacaq. Suriyanın şimalında yarana biləcək kürd dövləti separatizmə qarşı mübarizədə Ankaranın başını xeyli ağrıda bilər.
Eyni sözləri Rusiya üçün də demək olar. “B planı”nda parçalanması nəzərdə tutulan Suriya, faktiki olaraq, Rusiyanın müttəfiqi sayılır və rəsmi Dəməşq bu plana kəskin etirazını bildirib. Onun köhnə müttəqi Rusiya isə tamamilə əks qütbdə dayanır. Elə bu faktin özü Yaxın Şərqdə qüvvələr nisbətində xeyli maraqlı yerdəyişmələrin yaşandığını və Səudiyyə Ərəbistanı ilə Rusiyanın eyni cizgiyə yaxınlaşdığını sübut edir.
Belə bir məqamda Moskvanın İrana S-300 raketlərini satmaqdan imtina etməsi qətiyyən təsadüfə oxşamır. Deyəsən, Rusiya körfəz ölkələrilə konfliktə girməkdənsə, onların zəngin imkanlarından faydalanmağın daha rassional olduğunu düşünür.
Moskvanın öz mövqeyindəki dəyişikliklərin bir başqa səbəbi bəlkə də İranda gedən siyasi proseslərlə bağlıdır. Son parlament və Üləmalar Məclisinə seçkilərində islahatçıların üstünlük qazanmasını İranda səssiz inqilabın baş verməsi kimi xarakterizə etmək olar. Bundan sonra, böyük ehtimalla, digər qonşu dövlətin siyasi cizgisində də ciddi dəyişikliklər baş verəcək. Yəqin ki, Rusiya regiondakı ən yaxın müttəfiqini itirəcək. Yeni müttəfiqlər tapmaq ehtiyacı isə onu əks qütbə sürüklənməyə vadar edir.
Üstəlik, yeni müttəfiqlər İranla müqayisədə daha pullu ölkələrdir və öz əzəli düşmənləriylə nüvə sazişi imzalayan Qərbdən incik düşüblər. Bir tərəfdən Qərbdən əsən demokratrikləşmə küləyi, digər tərəfdən isə öz əhaliləri arasında getdikcə yayayılan “şiə oyanışı təhlükəsi yeni müttəfiqlərini daha sıx şəkildə Rusiyaya bağlayacaq. Kreml isə Qərbdən aldığı iqtisadi yaraların yerini müsəlman dünyasının var-dövlətiylə sarımaq şansı əldə edəcək.
Bir sözlə, Yaxın Şərq yeni qüvvələr balansına hamilədir. Yeni balansda Türkiyə, Suriya və İranın bir tərəfdə, Rusiya və körfəz ölkələrinin isə digər tərəfdə dayanmasını gözlənilir.