İran prezidentinin müavini bildirib ki, hər il Azərbaycandan İrana bir milyondan çox turist səfər edir. Çalışırıq ki, iki ölkə arasındakı mədəni, dini və tarixi bağları daha da dərinləşdirək.
AranNews- İran prezidentinin müavini, ölkənin mədəni irs və turizm təşkilatının sədri Məsud Sultanifər açıqlamasında bildirib ki, hər il Azərbaycandan İrana bir milyondan çox turist səfər edir: ”Çalışırıq ki, iki ölkə arasındakı mədəni, dini və tarixi bağları daha da dərinləşdirək.
Azərbaycan prezidentinin Tehrana səfəri zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılıb, hazırda müvafiq işlər aparılır”.
M. Sultanifər iki ölkənin maddi və qeyri-maddi irsinin UNESCO-da qeydə alınmasına dair Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə danışıqlar apardığını deyib. “İki ölkənin müştərək mədəni irsinin qeydə alınması böyük nailiyyətdir və bu, xalqlarımızın yaxınlaşmasına səbəb ola bilər. Ümumi yanaşmamız odur ki, tarixi yerlər, binalar və ərazilər, eləcə də tarixi ənənələrlə bağlı qonşu ölkələrlə birgə iş aparaq. Buna misal kimi Novruz bayramını göstərmək olar”, - deyə o vurğulayıb.