Qarabağ Azadlıq Təşkilatının sədri, Rusiya prezidentinin mətbuat katibinin Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.
AranNews- Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
A.Nağı bildirib ki, istər Peskov, istərsə də onun prezidenti, yaxud da başqa bir beynəlxalq təşkilat və ya başqa bir ölkənin prezidenti açıq və ya üstüörtülü şəkildə dəfələrlə bu fikri səsləndiriblər: “Bu fikir ortadadır ki, Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlar, böyük dövlətlər ciddi şəkildə məşğul olmaq, obyektiv mövqe tutmaq istəmirlər. Azərbaycanın prezidenti də dəfələrlə bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv tutmurlar. Bu fakt ortadadır, hər kəs də öz maraqlarından çıxış edir, Peskov da Rusiyanın maraqlarından çıxış edərək ölkəsini təmizə çıxarmaq istəyir. Peskovun bu açıqlamanı belə bir məqamda verməsi də bir qədər maraq doğurur. Çünki Rusiyanın prezidenti Ermənistanın terrorçu prezidentini təcili Moskvaya çağırdı və orada müəyyən danışıqlar oldu. Mətbuata həmin danışıqlar barədə konkret məlumat verilməsə də, əksər ekspertlərin fikrinə görə Qarabağ məsələsini müzakirə etdilər. Ola bilsin ki, Qarabağın ərtafındakı rayonlarla bağlı hansısa tapşırıqlar verildi və sairə”.
A.Nağı vurğulayıb ki, Peskovun bu çıxışı Azərbaycan üçün ciddi bir siqnal olmalıdır: “Azərbaycan özü öz problemlərini həll etməlidir. Amerikalı ekspertlərin fikirlərində də, ABŞ təhlükəsizlik idarəsinin illik hesabatında da göstərilir ki, Azərbaycan hərbi cəhətdən kifayət qədər güclənib və Ermənistandan qat-qat üstündür. ABŞ kimi nüfuzlu bir ölkənin, ciddi bir qurumunun sənədində belə bir açıqlama öz əksini tapdı. Azərbaycanın kifayət qədər gücü var və Azərbaycan da öz gücünə arxalanaıb Qarabağ məsələsini həll etməlidir, yəni hərbi əməliyyatlara başlamalıdır. Bunu bilirlər və artıq qüvvələr nisbəti də bölünür, kim Ermənistanın arxasında dayanacaq, kim Azərbaycanın yanında olacaq. Hesab edirəm ki, indiki mərhələdə artıq o proseslər gedir, başa düşürlər ki, Azərbaycanla Ermənistan arasında müharibə qaçılmazdır. Sadəcə olaraq Rusiya da, ABŞ-da indi bunun üzərində düşünür ki, kim kimin yanında olacaq və Azərbaycanı hansı formada bu yoldan çəkindirməyi bacaracaqlar. Türkiyə ilə də münasibətlərimiz genişlənib, Türkiyənin də mövqeyi ortadadır. Türkiyənin də regionda kifayət qədər nüfuzu və gücü var və təbii ki, Türkiyə də Azərbaycanın yanında olacaq. Peskov kimiləri də şəraitə uyğun olaraq çıxış yolunu axtarmaq üçün və yaxud da məsuliyyətdən qaçmaq üçün bu cür açıqlamalar verirlər”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapıla bilər: “Bu hansısa birdəfəlik səy deyil, bu, ardıcıl xətdir. Lakin münaqişə ilə bağlı yekun qərar yalnız münaqişənin iştirakçıları tərəfindən verilə bilər. Nə beynəlxalq vasitəçilər, nə də Rusiya Ermənistan və Azərbaycanın əvəzinə münaqişəni nizamlaya bilməz”.