“Sərhədlərimizin təhlükəsizliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı cavabdehdlik daşıyır”.
AranNews- bu sözləri Rusiya prezidenti, Vladimir Putin ermənistanlı həmkarı Serj Sərkisyanı Kremldə qəbul edərkən deyib.
Putinin sözlərinə görə, KTMT eyni zamanda terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinə də başçılıq edir. “Ermənistan bu il quruma rəhbərlik edir. Sərhədlərimzdə əmin-amanlığın olması çox mühümdür. Biz bu barədə də müzakirə aparacağıq”,- deyə Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Ermənistan Moskvanın strateji tərəfdaşıdır və əlaqələr uğurla inkişaf edir.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu.
1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb.
2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.
Hazırda KTMT-yə 6 ölkə – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.