Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev inanclılara qarşı münasibətlərdən danışıb.
AranNews- Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev müsahibə verib.
-Dini kəsimə mənsub insanların həbsini gündəmdə saxlayan azsaylı insanlardan biri kimi bu sahədəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Sizcə bu sahədə vəziyyət yaxşılaşıb, yoxsa daha da pisləşib?
-Son zamanlar dini kəsimə qarşı edilən hücumlar nəinki azalmayıb, əksinə daha da artıb. S.Şəkərlinin həbsi simptom deyil. Biz dəfələrlə görmüşük ki, günahsız insanlar həbs olunur.
Hilal Məmmədovun timsalında insanların etnik fərqliliyinə görə həbsinə şahid olduq. Onu evində asılqandan asılan şalvarının cibinə ailə üzvlərinin gözü qarşısında narkotik qoyaraq həbs etdilər. Bu haqsızlıqlarla daha çox dini kəsim üzləşir. Bunun səbəbini anlamıram. Bəlkə bununla özlərinə belə haqq qazandırırlar ki, biz bu cür kəskin hərəkətlər eləməsək, Azərbaycanda islam dövləti qurmağa meyilli qüvvələr öz istəyinə nail olar. Əslində bu yalandır. Çünki ən qatı islam kəsiminin nümayəndələri belə anlayırlar ki, Azərbaycanda hazırkı şəraitdə şəriət dövləti qurmaq absurddur.
İndiki mövcud zaman kəsiyində belə iddialar,əslində, qeyri-mümkün,hətta fantaziya da yox, sürrealizm təzahürüdür... Hacı Talehin həbsi başqa cür ola bilərdi. Qan tökülməyə bilərdi. Halbuki, hökumətin keçirdiyi özfəaliyyət səviyyəli ssenarinin nəticəsi olan əməliyyatın necə faciə ilə nəticələndiyi bu gün hər kəsə bəllidir. Məni ağrıdan bir şey var.
İnsan azadlığı, insan hüquqları nə milli, nə irqi, nə dini xüsusiyyətə görə müəyyənləşməməlidir. Hər bir insanın fundamental hüquq və azadlıqlrına hörmət edilməlidir.Və bunun alternativi yoxdur. Lakin biz görürük ki, bir çox hallarda bizim hüquq müdafiəçilərimiz insanların müdafiəsi məsələsində fərq qoyurlar, müdafiəyə ehtiyacı olanları, necə deyərlər, növlərə bölürlər. Onlar digər siysi məhbuslarla ən çox haqsız olaraq repressiyaya tuş gələn dini kəsim nümayəndələrinə fərqli münasibət sərgiləyirlər.
–Sizcə buna səbəb nədir?
-Bu, bir sindromdur. Sanki “bu, dini kəsimin nümayəndəsidirsə, vicdan məhbusları içərisində bunların da adını çəkmək bizə başucalığı gətirməz.” Təəssüf ki, hüquq müdafiəçilərin bir çoxu belə düşünürlər. Mən bu yanaşmanın məntiqini, onun konkret nədən qaynaqlandığını anlaya bilmirəm. Anlamadığım bu şey məni çox ağrıdır. Hacı Mövsüm Səmədov neçə illərdir ki, həbsdədir. Bildiyiniz kimi, onu da sözlərinə, çıxışlarına görə həbs ediblər. Özünü demokratik ölkə adlandıran bir məmləkətdə bütün bunların baş verməsi utanc gətirən qanunsuzluqdur. Bir insanın dediyi sözə, işlətdiyi ifadəyə görə təqib,təhqir,təhdid olunması,həbs olunması böyük haqsızlıqdır.
Hakimiyyət təmsilçiləri, əslində, görünür bu addımların səhv və qeyri-qanuni olduğunu anlayırlar və buna görə də onların hər birinə bir “yarlıq” yapışdırırlar. Gah cibinə narkotik qoyur, gah evinə silah atırlar. Gah da polisə müqavimətdə ittiham edirlər. Müxalif düşüncə sahiblərindən Seymur Həzi, Məmməd İbrahim dava üstündə tutuldular. Guya kiminləsə dava ediblər. Əslində isə onları döyməyə cəhd ediblər.
Lap tutaq ki, onlar dalaşıblar. Bu şəxslərə niyə qeyri-adekvat cəza verilir? Onda yanacaqdoldurma məntqəsinə gəlib sərxoş vəziyyətdə kimisə döyən, silah çıxardıb hədələyən adama cəmi bir ay cəza vermək nə dərəcədə doğrudur? Necə olur ki, kimsə kiməsə bur yumruq atana 6-7 il cəza verilir, amma silah çəkib şil-küt edənə 1 ay? Bu necə məntiqdir? Bu cür hüquqi nihilizm və haqsızlıqlar ölkənin imicinə ağır zərbə vurmurmu? Qanuna, ədalətə, son nəticədə hakimiyyətə inam azalır. Bu haqsızlıq hər kəs kimi məni də ağrıdır. Dini kəsim ən çox həbsə məruz qalan kəsimdir.
-Sizcə dini kəsimə yönəlik bu münasibətin hansı fəsadları ola bilər?
-Belə münasibət son nəticədə qarışıqlıq və xaos doğurur. Yəni bu cür münasibət kimsəyə yaxşı heç nə vəd etmir. Mən hüquq müdafiəçilərini bu işdə aktiv olmağa çağırıram. Insanların təhlükəsizliyini qorumalı olan orqanları da öz işlərini qanunu əsas tutaraq, vicdanla icra etməyə, günaha batmamağa səsləyirəm.
Onlar bilməlidirlər ki, etdikləri günahın cəzası gec-tez onları tapacaqdır. İLAHİ HƏQİQƏT dediyimiz əbədi bir anlam da mövcuddur, axı!