Politoloq Hikmət Hacızadə: Ərdoğanın mətbuata, jurnalistlərə hücumunu qətiyyətlə pisləyirəm.
AranNews- Türkiyədə mətbuata olan təzyiqlər davam edir. Belə ki, bir müddət öncə “Zaman” qəzetinin hökumət tərəfindən ələ keçirilməsi ilə bağlı xəbər verildi.
Türkiyə prezidenti bu mövzuda fikirlərini bölüşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Burdur açılış mərasimində çıxış edərək, Zaman qəzetinə qəyyum təyin olunması məsələsinə toxunub. Ərdoğan Zaman qəzetinə qəyyum təyin etməsilə əlaqədar olaraq belə danışıb: "Bunlar saxtakar və hiyləgərdirlər. Baxın görün necə bütün hiylələri ortaya çıxır. Yox nə imiş, mətbuat azadlığı imiş”.
Politoloq Hikmət Hacızadə deyib ki, görünür Ərdoğan əvvəldən avtoritar bir insan idi: “Türkiyədə baş verən bütün proseslərdən narahatam. Ərdoğanın mətbuata, jurnalistlərə hücumunu qətiyyətlə pisləyirəm. Ərdoğanın nə üçün bu cür addımlar atmasını isə tam olaraq heç kəs deyə bilməz. Görünür Ərdoğan əvvəldən avtoritar bir insan idi. Sadəcə bu hisslərini çox yavaş-yavaş üzə çıxardırdı. Öz nüfuzunu qorumaq üçün müəyyən qədər fərqli siyasət yürütdü. Ordunu neytrallaşdırdı. Sonra öz rəqiblərini incitməyə başladı. İndi də mətbuatla bu cür davranır.
Bütün bunlar Türkiyə üçün çox neqativ nəticələr vəd edir. Əfsuslar olsun ki, seçkidə əhalinin böyük bir qismi bu avtoritar siyasəti dəstəkləyir. Necə ki, Rusiyada 80% seçici Putini dəstəkləyir, Türkiyədə də əhali Ərdoğanı dəstəkləyir. Bu olaylar Türkiyəyə ciddi zərbə olacaq. Bütün bu uğurların səbəbi isə aparılan təbliğatla bağlıdır. Əslində istənilən nisbətən problemli ölkələrdə nifrət, aqressiya ilə təbliğ etməyə başlanılsa istənilən xalq dönəcək. Azərbaycanda televiziya ilə bu cür təbliğata başlanılsa təbliğat aparan şəxs ciddi səs toplaya bilər. Ölkədəki milli azlıqları ifşa, biyabr etdikdə, qonşu ölkələrə nifrət təbliğ etdikdə əhalinin diqqətini ciddi şəkildə cəlb etmək olar.