BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi müsahibəsində, Cenevrədə planlaşdırılan Suriya danışıqları ilə bağlı bəyanatlar verib.
AranNews- Suriyada prezident seçkisinin tarixini açıqlayan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi De Mistura Suriya prezident və parlament seçkilərinin BMT-nin himayəsi altında keçiriləcəyini açıqlayıb.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura Sputnik-ə verdiyi müsahibəsində, martın 14-də Cenevrədə başlaması planlaşdırılan Suriya danışıqları ilə bağlı bəyanatlar verib.
Cenevrə danışıqlarının ikinci turunda ilkin olaraq suriya hökuməti nümayəndə heyəti ilə görüşəcəyini bildirən De Mistura sözlərini bu cür davam edib: "İlk görüş ənənəvi olaraq hökumət nümayəndə heyəti ilə aparılır. Məntiqli olan da elə budur. Çünki BMT beynəlxalq bir qurumdur, Suriya hökuməti də bu qurumun üzvüdür".
De Misturanın verdiyi məlumata əsasən, nümayəndə heyətləri danışıqlar üçün bu gündən etibarən Cenevrəyə gəlməyə başlayacaq.
De Mistura, suriyalı Kürdlərin Cenevrə danışıqlarının növbəti raunduna dəvət ediləcəklərini, ancaq 14 martda başlayacaq danışıqlar üçün kürdlərə dəvət göndərilmədiyini söyləyib.
De Mistura Suriyada keçirilməsi planlaşdırılan seçkilərə də müsahibəsində toxunub: "Gündəmimizdə üç məsələ var. Bunlardan birincisi (Suriyada) tamamilə yeni bir hökumət formalaşdırılmasıdır. İkincisi yeni konstitusiya, üçüncüsü isə yeni seçkilərdir. Bu seçkilərin (Cenevrə) danışıqlarının başlayacağı tarix kimi, 14 mart etibarilə 18 ay ərzində həyata keçirilməlidir. Həm prezident, həm də parlament seçkiləri BMT-nin himayəsi altında keçiriləcək".