Ərdoğan bizi məğlub edərsə, Türkiyədə demokratiya istəyən hər kəsi məğlub edə bilər.
AranNews- İngiltərənin “Times” qəzetinə açıqlama verən PKK terror təşkilatının lideri, Cəmil Bayık hədəflərinin Türkiyə prezidenti, Rəcəb Teyyub Ərdoğanı, Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarını devirmək olduğunu deyib.
Şimali İraqdakı Kandil dağlarında nəşrin müxbiri Entoni Loydun suallarını cavablandıran Cəmil Bayık indiki məqamda bir “ölüm-qalım” mübarizəsi verdiklərini deyib.
“Ərdoğan bizi məğlub edərsə, Türkiyədə demokratiya istəyən hər kəsi məğlub edə bilər” deyən PKK lideri fikrini belə davam etdirib: “Onun arzularının reallığa çevrilməsinin qarşısında ən böyük əngəl bizik. Əgər Ərdoğan bizi inkar edərsə, qazanar. Ərdoğanı və AKP-ni devirmək istəyirik. Ərdoğan və AKP devrilmədikcə, Türkiyə heç vaxt demokratik ölkə ola biməz”.
Onun iddiasına görə, kürdlərin ürəyi intiqam hisləri ilə doludur: “Türklər küçəyə çıxma qadağası tətbiq etdikləri kürd şəhərlərində mümkün hər şeyi qarət edib yandırdılar. Bu səbəbdən xalqımız intiqam hissləri ilə doludur. Partizanları onlara edilənlərin intiqamını almağa dəvət edirik. Bu, xalq mübarizəsində yeni bir dövrdür.
Qısa bir müddət əvvələ qədər Türkiyə ordusu ilə müharibə təkcə dağlarda aparılırdı. Daha sonra bunu qəsəbələrə və şəhərlərə də daşıdıq. Artıq hər yerdə olacaq. Mübarizənin bu mərhələsində, partizanlara yerinə yetirmələri üçün veriləcək hər bir əmr qanuni olacaq”.