ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının Quru Qoşunları komandanı, briqada generalı Hopper Smitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
AranNews- Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin genişləndirilməsi, regional təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də ABŞ və NATO ilə qarşılıqlı uyarlılıq səviyyəsinin inkişaf etdirilməsi və digər istiqamətlərdə ikitərəfli təcrübə mübadiləsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. ABŞ-ın nümayəndə heyəti səfər çərçivəsində müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun müşayiəti ilə aviasiya bazasında olub.
Onlara bazanın yaranma tarixi, xüsusiyyətləri, məqsədi və tapşırıqları barədə ətraflı brifinq təqdim edilib. Qərargah və döyüş növbətçiliyinin aparılması, start-komanda məntəqəsi, silahlanmada olan döyüş aviasiya vasitələri ilə yaxından tanış olan qonaqlar şəxsi heyətin sosial-məişət şəraiti ilə də maraqlanıblar. Uçuş və texniki heyətlə görüşən nümayəndə heyətinin üzvləri MiQ-29 döyüş təyyarələrinin təlim uçuşlarını izləyərək aviabazada döyüş xidməti üçün yaradılan şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.
Elə həmin gün qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olublar. Hərbi tibb müəssisəsinin rəhbərliyi və tibb heyəti ilə görüşən ABŞ-ın nümayəndə heyətinə hospitalın yaranma tarixi, fəaliyyəti barədə brifinq təqdim olunub.
Sonra müalicə korpuslarındakı şöbə və bölmələrə baş çəkən qonaqlar beynəlxalq standartlara cavab verən avadanlıq və cihazlarla təchiz olunmuş palatalar və əməliyyat bloklarında yaradılmış şəraitlə də tanış olublar.
Eyni zamanda ABŞ-ın nümayəndə heyəti mədəni proqrama uyğun olaraq Azərbaycan Hərb Tarixi Muzeyini də ziyarət ediblər.