Bayram günləri Bakıya gələn on minlərlə turist özü ilə gətirdiyi xarici valyutanı manata çevirməkdə çətinlik çəkir.
AranNews- edilən müraciətlərdən şəhərin qonaqları arasında iranlıların daha çox problemlə qarşılaşdığını anlamaq olur. Çünki Bakıya ən çox Təbriz və Tehrandan müşahidə edilirdi.
«Biz iki saatdır 200 dolları manata çevirə bilmirik»,- deyə İçərişəhərdən redaksiyaya zəng etmiş təbrizli ailə bildirmişdi.
Əslində, bu, gözlənilən idi. Çünki bank sektoru Novruz bayramı üçün iş qrafikində heç bir dəyişiklik etməmişdi. Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində həyata keçirilir ki, bayram günlərində onlar işləmir.
Bayram günlərində yalnız turizm xidməti göstərən obyektlərdə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Həm də bəzi bankların bəzi ofislərinin qarşısında qoyulmuş bankomatlara xarici valyuta qoyaraq onu manata çevirmək mümkündür.
Lakin Bakıya gələn əsas turist axını İrandan və Rusiyadan olduğuna görə, qonaq gələnlər turizm obyektlərində yox, evlərdə qalırlar. Ölkəyə əsasən avtomobildə daxil olduqlarından onlar bankların hava limanlarında və vağzallarda olan valytua-dəyişmə məntəqələrindən də istifadə edə bilmirlər. Onlar gətirdikləri xarici valyutanı adətən şəhər mərkəzində - tarix və mədəniyyət abidələrinin, əyləncə məkanlarının, teatrların və s.-in xidmətindən istifadə etmək üçün dəyişdirmək istəyirlər.
Bu zaman isə problemlə üzləşirlər. Çünki valyuta dəyişmə məntəqəsi tapa bilmirlər. Nəticədə, qara bazara üz tutmalı olurlar. Bu vəziyyət bayram günlərində qara bazarda dolların məzənnəsinin rəsmi məzənnədən xeyli aşağı düşməsinə səbəb olub. Alverçilər dolları turistlərdən 1,45 manata satın alırlar. Amma rəsmi məzənnə 1,6 manata bərabər idi. Yəni alverçilər müştərini 1 dollarda 15 qəpiyə qədər aldadırlar.
Yaranmış vəziyyət əksəriyyətdə Bakıda bir neçə ay qabaq bağlanmış valyuta-dəyişmə məntəqələrinin bərpasının vacibliyi qənaətəni doğurur. Bu məsələdə qabaqcıl turizm ölkələrinin təcrübəsi də yada salınır. Məsələn, Türkiyədə minə yaxın müstəqil valyuta dəyişmə məntəqəsi var ki, onlar əsas ticarət istirahət mərkəzlərində əhaliyə xidmət göstərirlər.
Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi, “İqtisadi forum” jurnalının rəhbəri Samir Əliyev anspress-ə açıqlamasında bildirib ki, müstəqil valyuta dəyişmə məntəqələrinin bərpasını məqsədə uyğun saymır: «Müstəqil valyuta dəyişmə məntəqələri də elə qara bazar kimidir. Onlara daxil olan valyutanın ölkə iqtisadiyyatına heç bir dəxli yoxdur. Amma banklara daxil olan valyuta istənilən halda iqtisadiyyatın kreditləşdirilməsinə yönəlir».
Lakin Samir Əliyev turistləri də unutmamağı vurğulayır: «Turistlərin Bakıya axını qeyri-neft sektorunun inkişafının çox vacib olduğu bu günlərdə həddindən önəmlidir. Bu probem türistlər üçün çətinlik yaradın 3 ən vacib məsələdən biridir. Buna görə də banklar növbətçi valyuta dəyişmə məntəqələrinin sayını artırmalıdırlar. Bu məsələdə turistlərin axın etdiyi istirahət və tarix-mədəniyyət mərkəzləri diqqətdə saxlanmalıdır».
Təbii ki, banklar bu məsələni özbaşına həll edə bilməyəcəklər. Mərkəzi Bank Azərbaycanın bütün turizm mərkəzlərini nəzərə alaraq bankların bütün sektoru əhatə etməsinin qeydinə qalmalıdır. Əks halda, Azərbaycan qeyri-neft sektorunun bu ən önəmli sahəsində uğur qazana bilməyəcək.