Azərbaycanın regiondakı vəziyyəti ilə bağlı Avropanın, Rusiyanın və ABŞ-ın bir-birindən fərqli maraqları var.
AranNews- Siyasi təhlilçilərin fikrincə, neft ixrac edən ölkələrdə "qara qızıl"dan asılılıqla avtoritarizmin güclənməsi arasında birbaşa əlaqə mövcuddur. Vaşinqton demokratik dəyərlərin təminatı məsələsini nəzərdə tutanda bunu ilk növbədə öz vətəndaşlarına şamil edir. Digər ölkələrə bu dəyərlərin tətbiqi məsələsinə gələndə isə, burada maraqlar daha üstün gəlir.
Konkret Azərbaycana gəldikdə, ölkədən bir çox layihələrdə tranzit ölkə kimi istifadə olunur. Bu da hakimiyyətə müəyyən dividendlər verməmiş deyil. Prinsipcə, tərəflər rəsmi Bakıdan nə istədiyini açıqlayıb.
Vaşinqton Qarabağla bağlı müharibə barədə fikirləşməmək, enerji layihələrində Qərbin yanında olmaq, Rusiya və İrana qarşı sərt mövqe ortaya qoymaq tələb edirsə, Moskva Avrasiya İttifaqı ilə bağlı tələblər irəli sürür. Rəsmi Bakı isə növbəti dəfə balanslaşdırılmış siyasətə dayanaraq, manevrlərini davam etdirmək fikrindədir.
İlk baxışdan Azərbaycan hakimiyyəti Qərbin təzyiqləri qarşısında geri çəkilir və enerji daşıyıcılarından yenə də "kozır" kimi faydalanmaq niyyəti güdür. Lakin bütün bunlar Qərbin təzyiqlərini azaltmır. Maraqlısı odur ki, bu dəfə rəsmi Bakını birmənalı mövqe sərgiləmək də geosiyasi böhrandan azad edə bilmir.
Geosiyasi reallıqlar isə Bakıdan bunu tələb edir. Moskvanın Suriyadan uzaqlaşmasından sonra Rusiya üçün Azərbaycan böyük önəm kəsb edir. Maraqların başqa bir qrupu isə regiondakı ciddi qarşıdurma ilə bağlıdır. Burada söhbət təkcə enerji maraqlarının toqquşmasından getmir. Azərbaycanın regiondakı vəziyyətiylə bağlı Avropanın, Rusiyanın və ABŞ-ın bir-birindən fərqli maraqları var.
Üçüncü maraqlar qrupu isə İranla bağlı olan məsələlərdir ki, Qərbin Tehranla münasibətlərində Azərbaycanın konkret yeri və rolu var.
Sonuncu - dördüncü qrup isə bütövlükdə Qərbin regiona münasibətinin hələ qeyri-müəyyən olmasını göstərir. Qərb bu günə qədər müəyyənləşdirməyib ki, Cənubi Qafqaz regionu onun üçün hansı əhəmiyyəti daşıyır?
Yəni, Cənubi Qafqaz Qərb üçün bir xammal mənbəyidir, tranzit vasitəsidir, yoxsa vahid Avropanın tərkib hissəsidir. Bu məqəmlara aydınlıq gətirildikdən sonra, Qərb regionda baş verən proseslərə, o cümlədən ölkələrin daxilində cərəyan edən hadisələrə öz münasibətini dəqiq bildirəcək. Azərbaycanın gələcək inkişafı da məhz bu amil ilə bağlıdır.