Azərbaycanda radikal dini lideri kimi tanınan Əlixan Musayevin yayılmış gizli səs yazısı ictimaiyyətdə böyük narahatlıq doğurub.
AranNews- Əlixan Musayevə məxsus olduğu iddia edilən səs yazısında dindarlar Suriyada cihada qatılmağa dəvət edilir, orda döyüşənlər şəhid adlandırılır:
“Sən getmirsənsə, bu başqa məsələ, bunun səbəbi var. Səbəbin birincisi odur ki, orda gedən cihad oranın əhli üçün vacibdir. Ayıbdır. Qorxursansa deməyə ki, onlar Allah yolunda vuruşur, mücahiddir, inşallah, şəhiddir, onlar cənnətlikdir, əleyhinə də demə də, qardaş. Sabah şəhidlər sənin xirtdəyindən yapışacaq ki, nəyə görə sən mənim haqqıma girirsən? Bütün müsəlmanlar ayağa qalxıb müsəlman qardaşlarına kömək etməlidir”.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələyə öz münasibətini bildirib.
açıqlama verən qurum sədri bu cür fikirlər səsləndirənləri İslama aid olmayan, İslamı parçalanmaya sövq edən adamlar olduğunu bildirib. Mübariz Qurbanlı vurğulayıb ki, Əlixan Musayev və onun kimi adamların o cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır.
M. Qurbanlı onu da əlavə edib ki, səs yazısı komitə tərəfindən də araşdırılacaq: “Bizim eskpertiza bunu araşdıracaq və ekspertizanın nəticəsində biz aidiyyəti orqanlara müraciət göndrəcəyik”.
Bəs bu cür dini çağırışlar edən şəxsləri qanunla necə cəza gözləyir? Qanunda bu məsələ necə tənzimlənir?
Hüquq müdafiəçisi Müzəffər Baxış bununla bağlı açıqlama verib. Hüquq müdafiəçisinin sözlərinə görə, qanunla bu məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-cü maddə ilə tənzimlənir:
“Bu maddəyə əsasən Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə on iki ildən on beş ilədək, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə yeddi ildən on bir ilədək müddətə, habelə bu cür məzmunlu materiallar yayma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yalnız hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və əməlində başqa cinayətin tərkibi olmadıqda, həmin şəxslər cinayət məsuliyyətindən azad edilir”.
Xatırladaq ki, bundan öncə də Əlixan Musayevin təşəbbüsü ilə 500-dən çox azərbaycanlının Suriyada İŞİD tərkibində döyüşlərə qatıldığı barədə məlumatlar yayılmışdı.